Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi qadınlardır

Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi qadınlardır

Aysel Seyidova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu,  76 nömrəli tam orta məktəbin müəllimi

Gözəllik, zəriflik və ülviliyi özündə təcəssüm etdirən qadın adı, ana adı hər zaman ölkəmizdə uca tutulmuşdur. Mədəniyyətimizin və tariximizin neçə-neçə şanlı, işıqlı səhifəsi məhz onun adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, məşhur siyasi xadimlər bəxş etmişdir. Ana məfhumu xalqımızın təfəkküründə doğma yurdun, Vətən torpağının təzahürüdür. Əsrlər boyu Azərbaycanda qadına, anaya daim böyük hörmət bəslənmiş, ana adı daim müqəddəs sayılmışdır.
Qadın şəxsiyyətinə hər zaman ehtiramla yanaşan ümumilli liderimiz Heydər Əliyev dövlət-qadın siyasətinin əsasını qoymuşdur. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların universal fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da, bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə, ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Heydər Əliyevin əsasını qoyduğu bu siyasəti hazırda uğurlu şəkildə davam etdirən prezidentimiz cənab İlham Əliyevdir. İlham Əliyevin qətiyyətlə davam etdirdiyi dövlət qadın siyasətinin nəticəsidir ki, hazırda Azərbaycan qadının yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Hər il olduğu kimi bu il də prezidentimiz cənab İlham Əliyev bütün Azərbaycan qadınlarını təbrik etmiş, bir qrup xanımları fəxri adlarla, ordenlərlə təltif etmişdir. İlham Əliyev öz çıxışında Azərbaycan xalqının qadına dərin hörmətindən, ehtiramından bəhs etmişdir. Qadınların taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətə mənəvi dayaq olmasını, 44 günlük Vətən müharibəsində fədakarlıqları ilə bu gerçəkliyi bir daha sübuta yetirdiklərini qeyd etmişdir.
Müasir dünya tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya ölkələrində, o cümlədən, respublikamızda təntənəli şəkildə qeyd olunur. Yalnız bu gün deyil, sabah da, o biri gün də hər zaman üzünüz gülsün, əziz xanımlar! Yaddan çıxarmamalıyıq ki, həyatın mənası, bəzəyi, gözəlliyi məhz bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlardır.