Hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğulamaq təbii ki vacib idi.
Qənirə Əlizadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın bağımsızlığını bərpa etdikdən sonrakı müddətdə formalaşmış ənənəyə uyğun olaraq 7-ci çağırış Milli Məclisin ilk iclası ölkə başçımız İlham Əliyevin deputatlar qarşısında çıxışı ilə başladı. İlham Əliyev mövcud beynəlxalq siyasi şəraitdə Azərbaycanın keçmiş və indiki mövqeyi və yürütdüyü siyasətlə bağlı öz fikirlərini Milli Məclisin deputatları ilə bölüşdü, ölkəmizin bundan sonrakı hədəfləri və vəzifələri haqqında hansı yolu tutmalı olduğunu, öncəliklərin nələrdən ibarət olduğunu aydın bir şəkildə bildirdi
Ölkə başçımızın haqlı olaraq vurğuladığı məsələlərdən biri hərbi gücümüzün daima artırılması və bu sahədə görülən işlər oldu. Son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğulamaq təbii ki vacib idi.
Dövlətimizin başçısı bu məqsədlə milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsini, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı Qüvvələrin maddi-texniki bazasının daim modernləşdirilməsini və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılmasını dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirdi. Bütün bunlar Ermənistanın sülh prosesindən yayınmaq cəhdləri, bölgədən kənar güclərin Ermənistanı silahlandırması, orada baş qaldıran revanşist ideyaları dəstəkləməsi və nəticədə Ermənistanda möhkəmlənməklə onun üzərindən bölgə dövlətlərini öz təsir dairəsinə salmaq təşəbbüslərindən doğan obyektiv reallıqlar kimi özünü göstərir.
Prezident, həmçinin Ermənistanda revanşist qüvvələri dəstəkləyən və Ermənistanı silahlandıran dövlətlərə də işarə edərək, bölgədə yeni müharibənin alovlanacağı təqdirdə bütün məsuliyyətin məhz onların üzərinə düşəcəyini bildirdi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına müdaxilə etmək istəyən dövlətləri bu kimi fəaliyyətlərdən imtina etməyə çağırdı.