Siyasi şərhçi Ənvər Haqverdiyev qazilərlə bağlı mühüm məqamlara toxunub. Bu barədə Ənvər Haqverdiyev Feysbuk hesabında qeyd edib:
Son iki ilə yaxın zaman ərzində onlarla şəhid və qazi ailəsində olmuş, onlar ilə şəxsən danışmış bir insan kimi deyirəm ki, bir dəfə də olsun dövlət əleyhinə bir kəlmə eşitməmişəm. Getdiyim hər xanədə, hər evdə “Vətən sağ olsun” deyib, bayrağı öpüblər. Hər zaman Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunun ətrafında daha sıx birləşməyə hazır olduqlarını elə ilk qazilər və şəhid ailələrinin üzvləri deyib. Heç kim ideal cəmiyyətdə yaşamır və bizim kimi qazilərin də problemləri ola bilər. Xırda, fərdi, sosial problemləri olub, onlar da öz həllini tapıb və ya bu istiqamətdə işlər gedir. Kimin problemi olmur ki? Qazilərin də həmçini...
Son günlər sanki qəsdən qaziləri özlərinə sipər edənlər qazi qardaşlarımızı qızışdırıb şirin canlarından edirlər. Videolara baxanda bilirsən ki, ölümün qarşısını almır, əksinə, üstünə "benzin tökür" sözləri ilə. Niyə axı Şanlı zəfərin Şuşa zirvəsini fəth etmiş, düşmənə can verməmiş oğulları bir litr benzinə, bir spiçka çöpünə qurban verirlər? Narazıçılıq etməyin, tənqid etməyin, istədiyini əldə etməyin onlarla yolu vardır. Axı dövlətin ən Ali şəxsi dəfələrlə ifadə etmişdir ki, o hər zaman şəhid ailələri və qazilərin yanındadır. Müharibədən sonra analoqu olmayan bir yanaşma vardır. Canını, sağlamlığını Vətənə qurban verənlərin özləri, ailələri sağlamlıqlarının bərpası dövlətin diqqət və qayğısı ilə əhatələnir. Sanki biri “əli” ilə, kimin, nəyin “əli”dir bilmirəm, aranı qarışdırır.
Hansısa dəftərxanada çap etdirdikləri, heç kimin baxmadığı, oxumadığı youtube kanallarının, saytların “jurnalist”, “media” sözləri yazılmış “vəsiqələri” ilə küçələrdə gəzən və illegal fəaliyyət göstərən ünsürlər vardır. Əvvəllər insanların pullarını şantaj edib alan bu kəslər, indi isə canlarına qəsd edirlər. Özü də qazilərin, şəhid ailələrinin ən həssas məqamlarına toxunaraq. Əslində insan əsəblərini cilovlamasa, çox söz deyər. Qazi Kürün qırağında kabab bişirərkən ehtiyatsızlıqdan yüngül yanır, bunlar intihar kimi qələmə verir. Yaxud hansısa bir məmurun bəlkə də işlətmədiyi bir kəlməsini şişirdib, dövlətin münasibəti kimi ifadə edirlər. Əl çəkin bu millətin boğazından. Müdrik xalqımız otuz illik dünya oyununu pozmuş və qalib gəlmiş xalqdır. Sizinləmi bacarmayacağıq?
Bax o “əli” elə o həminki Əlidir. Müharibə vaxtı nə bu Avrosoysuzlar, nə də müxalifətdə təmsil olunanların çoxusunun oğlu, qohumları Avropadan gəlmədilər. Yadımdadır, həmrəylik haqqında müraciətə də imza atmağa bunların “əli” gəlməmişdi. İndi cəmiyyətin həssas təbəqəsindən sui-istifadə etməklə ən çox siyasətə qatılmayacaq bir mövzunu siyasiləşdirirlər. Düşmən bizə yalnız səngərdən baxmır, sərhəddən baxmır. Düşmən bizə medianın və sosial şəbəkələrin “gözləri” ilə baxır. İndi görün bunların “Əli” ilə etdikləri düşmənin “gözü” ilə necə də ləzzətlə izlənir. Bu oyunları bunlar “Əli” ilə şəhidlərin birdəfəlik ödənişləri vaxtında da etmək istədilər. Amma dövlət həssas təbəqəsinə, şəhidinə, qazisinə həmişə sahib çıxıb. Bu gün də sahib çıxmaqdadır.
Dünyada müharibədən sonra bu qədər sosial layihələr həyata keçirən, mənzil, maşın paylayan ikinci dövlət yoxdur. Müharibədən, zəfərdən sonra müxalifətin real siyasi bazası sıfıra enib. Onsuz da yox idilər, indi isə toz-torpaq olublar. Əllərindən ən yaxşı gələn iş təxribatdır. Onu da edirlər. Imkan verməyək ki, milli birliyimizi pozsunlar.
Bunların “Əli” ilə düşməni sevindirməyək, əziz qazi qardaşlarım!
Allah bütün qaziləri qorusun, şəhidlərin isə ruhu şad olsun!