Güclü ordu dövlətin müstəqilliyinin təminatıdır, qarantıdır

Güclü ordu dövlətin müstəqilliyinin təminatıdır, qarantıdır

İxdiyar Nəcəfov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinin sədri

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi.

Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi.  Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

Sonralar Ulu Öndər demişdir: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

“Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik.”-söyləyən Heydər Əliyev  ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başldı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Bu mənada fəxrlə deyə bilərik ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsl mənasında, fəxr edir.Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.

Bu gün Azərbaycanda ali hərbi məktəblər sisteminin təkmilləşdirilməsi, onun tədris prosesinin NATO-ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini verməkdədir. Hazırda Azərbaycan Ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir, maddi-texniki bazası möhkəmləndirilir.

2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin yaxşı mənada formalaşmasına səbəb oldu. Eyni təəssürat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərindən də yarandı. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir. Ötən müddət ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi,  hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq edir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə Nazirliyi rəhbərliyinin ordumuzun şəxsi heyətinə diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inam və etimad bütün hərbçilərin qəlbini qürur və iftixar hissi ilə doldurur. Bu gün Azərbaycan Ordusunun hər bir zabiti və əsgəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrinə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpasına, torpaqlarımızı işğalçılardan azad etməyə hazırdır.

Azərbaycan Ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan Ordusudur. Bütün bunlar Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verdiyini göstərir. Yuxarıda qeyd edilən bütün faktlar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı, dövləti, ordusu, ən nəhayət, müstəqilliyi naminə göstərdiyi fəaliyyətin nəticəsidir.

Adətən, böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi, həm də bu missiyadan kənarda olduğu dövrlərə qiymət verərkən birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından lazımdır.

Ümummilli lider Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bu günü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür.

Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, ordumuzun, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Ona görə də əbədiyyətə qovuşan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin, ümumilikdə xalqımızın qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək. Hər birimiz Azərbaycanın sabahları naminə, Ulu Öndərin irsini həyat yolumuza örnək bilərək həmin zirvənin işığında addımlayırıq.

Ulu Öndər tərəfindən əsası qoyulmuş ordu quruculuğu cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.