Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktoru
Dövlətimizin başçısı cənab İlham Əliyev hər dəfə yeni təyin olunan rayon icra hakimiyyətlərinin başçılarını qəbul edərkən müvafiq göstərişlərini və tövsiyələrini verir. Prezidentin tapşırıqları içərisində vətəndaş amili ön planda dayanır. Xalqın arasında olmaq, onlarla söhbətlər aparmaq, problemlərini öyrənmək, onun aradan qaldırılması istiqamətində addımlar atmaq, vətəndaş məmnunluğunu təmin etmək kimi məsələləri Prezident onların qarşısında ən ali vəzifə kimi qoyur. Hər dəfə biz şahid oluruq ki, Prezident regionlara səfər edərkən sakinlərlə görüşür, onlarla söhbətləşir, qayğıları ilə maraqlanır, üzləşdikləri problemləri şəxsən onların dilindən dinləyir və qaldırılan məsələlərin həlli üçün göstərişlər verir. Bu, onu bir daha təsdiqləyir ki, dövlətimiz və onun rəhbəri hər zaman öz xalqının yanındadır, onun sosial vəziyyətinin daha da yaxşılaşdırılması, rifah halının yüksəldilməsi naminə durmadan çalışır.
İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edərkən regionlarda görülən işlər barədə ətraflı məlumat verdi. Məlumdur ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində işlər sürətlə və uğurla davam etdirilir. Qeyri-neft-qaz sahəsinin ardıcıl olaraq inkişafı, kommunal xidmətlərin keyfiyyət göstəricilərinin artırılması, iri sosial infrastruktur layihələrinin icrası effektli şəkildə təmin edilir, yeni müəssisələr və iş yerləri açılır. Bu da regionlarda sakinlərin məşğulluğunun artırılmasına, sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. İnfrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində cənab Prezident şəxsən özü iştirak edir, istehsal müəssisələri ilə tanış olur, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirir. Görürük ki, işğaldan azad edilmiş ərazilərimizlə paralel olaraq digər regionlarımızda da nəzərdə tutulan proqram və layihələr uğurla icra olunmaqdadır.
Prezidentin qəbul zamanı regionların inkişafına dair uğurla icra edilən Dövlət Proqramları ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. Belə ki, bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir: “Uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində hərtərəfli inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bu proqramlar çərçivəsində 3 mindən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Hazırda "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir, görülən işlər də göz qabağındadır”.
Dövlətimizin başçısı qəbul zamanı icra hakimiyyətinin başçılarına şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərilməsinin vacibliyinə toxundu: ”Bilirsiniz ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində şəhid olmuş oğul və qızlarımızın ailələri, onların valideynləri, eləcə də əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemlərinin aradan qaldırılmasi istiqamətində ardıcıl və planlı iş aparılır. Şəhid ailələri, qazilər, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuza malikdirlər, xalqımız şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edir. Onlar Prezidentin sərəncamları ilə medallarla təltif olundular, layiq olduqları statusu qazandılar. Bir sözlə, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir”- deyən Prezident cəmiyyətin həssas təbəqəsinə diqqətlə yanaşmağı, Vətən üçün qiymətli olanlara qayğı göstərməyi vacib işlərdən biri kimi vurğuladı.
Cəmiyyətdə, dövlət həyatında baş verən yenilikləri xatırladan cənab Prezident dövlətin güclü, rifahının yüksək olması üçün ilk növbədə dövlət orqanlarının bütün nümayəndələrinə mesaj ünvanlayaraq, qanunsuz əməllərdən çəkinməyi, ictimai nəzarətdən çəkinməməyi tövsiyə etdi:” Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik” fikri ilə ölkə başçısı dövlətimizin qüdrətli əllərdə olduğunu və bütün gücü ilə yüksək rifah dövlətinə çevrilməmiz üçün lazımi tədbirlərin görüldüyünü bir daha vurğuladı.