Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Füzulidə sakinlərlə görüşdə Prezident bu kimi bir çox məqama toxundu.
Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu mərhələ bütün sahələri əhatə edən genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Bu xüsusda xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir.
Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmatik lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün. Belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər böyük, əzəmətli və bəxtəvərdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə xoşbəxtdirlər. Məsələyə bu kontekstdə yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir.
Xalq ona görə Prezidentini sevir ki, O, son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.