Könül Məmmədli
YAP Suraxanı rayon təşkilatının gənc üzvü
Suraxanı rayon Gənclər və İdman İdarəsinin könüllülərdən ibarət qrupun rəhbəri
Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Füzuli şəhərindən 17 km qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi YUNESKO-nun maddi-mədəni irs siyahısına salınıb. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri vardır.
Füzuli rayonu 23 avqust 1993-cü il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.
Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix mədəniyyət abidələrinə külli miqdarda zərər dəymişdir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri bərpa olunmuş, 2007-ci ildə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsində aparılan hərbi əməliyyatlar zamanı ilk olaraq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Bu gün artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb. Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11 qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə salınmışdır. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri, İkinci Qarabağ müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Füzuli rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.