Ermənistan antirus sanksiyaları pozan 17 ölkənin sırasına salındı.
Elşad Həsənov: “Bu, bir növ rəsmi İrəvana xəbərdarlıq mesajı mahiyyəti daşıyır”
ABŞ Ermənistanı anti-Rusiya sanksiyalarını pozmaqda ittiham edib. Belə ki, ABŞ Maliyyə Nazirliyinin nəzarətində olan Maliyyə Cinayətləri ilə Mübarizə Agentliyi (FinCEN) Ermənistanı Rusiya və Belarusa qarşı sanksiyaları pozmaqda iştirak edən ölkələr siyahısına daxil edib. Siyahıya daxil edilən 17 dövlətdən biri Ermənistandır.
Siyahıya Ermənistanla yanaşı, Braziliya, Gürcüstan, Çin, Hindistan, İsrail, Qazaxıstan, Qırğızıstan, Meksika, Nikaraqua, Serbiya, Sinqapur, Cənubi Afrika, Tacikistan, Türkiyə, BƏƏ və Özbəkistan da daxil edilib. Müsbət haldır ki, siyahıda Azərbaycanın adı yoxdur. Görünən odur ki, Nikol Paşinyanı Qərb hakimiyyətə gətirsə də, o, bir sıra hallarda Birləşmiş Ştatların maraqlarına qarşı gedir.
Maraqlıdır, bütün bunları ekspertlər necə şərh edir? Bu amil ABŞ-Ermənistan münasibətlərinə necə təsir edəcək?
- “Bütün bunlar ABŞ-Ermnistan münasibətlərinə mənfi mənada təsirsiz ötüşməyəcək”
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənov bütün bunlara bir neçə prizmadan yanaşdı: “Ermənistanın belə bir siyahıya daxil edilməsi gözlənilən idi. Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Ölkənin energetika sahəsi bütünlükdə rusların nəzarətindədir. O cümlədən, digər sənaye obyektlərinin səhmləri Rusiya oliqarxlarına məxsusdur. Digər tərəfdən, Ukrayna müharibəsindən sonra çoxsaylı Rusiya şirkəti Ermənistanda fəaliyyətə başlayıb. Buna səbəb Rusiyaya qarşı tətbiq edilən çoxsaylı sanksiyalardır. Xüsusən də İKT şirkətləri Ermənistanda fəaliyyət göstərirlər. Məqsəd Rusiyaya yönəlik sanksiyaların təsirini minimuma endirməkdir. Birləşmiş Ştatlar da bütün bunların fərqindədir. Çünki ABŞ Maliyyə Nazirliyinin müvafiq orqanı bununla bağlı prosesləri izləyir. Biz nəzərə almalıyıq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Rəsmi İrəvan bu amildən çıxış edərək Rusiyaya yönəlik sanksiyalarda bu və ya digər formada iştirak etmək istəmir. Ancaq ABŞ-ın Ermənistanı Rusiyaya qarşı sanksiyaları pozmaqda iştirak edən ölkələr siyahısına daxil etməsi onu göstərir ki, Vaşinqton erməni tərəfin şıltaqlıqlarına göz yummaq fikrində deyil. Bu, bir növ rəsmi İrəvana xəbərdarlıq mesajı mahiyyəti daşıyır. Fikrimcə, bütün bunlar ABŞ-Ermnistan münasibətlərinə mənfi mənada təsirsiz ötüşməyəcək. Bundan sonra Ermənistana maliyyə yardımları əhəmiyyətli dərəcədə azala və ya dayandırıla bilər. Müxtəlif layihələr dondurula bilər. Çox güman ki, Ermənistan anti-Rusiya sanksiyaları pozduğuna görə Vaşinqtonun müəyyən təzyiqləri ilə üzləşəcək. Bunu nəzərə almasalar, o zaman Ermənistan ciddi sanksiyalarla üzləşə bilər. Bütün bunlar Azərbaycana həm siyasi, həm də iqtisadi sahədə müsbət dividendlər verəcək. Azərbaycanın apardığı düzgün və balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazda lider dövlət olaraq qalmaqdadır. ABŞ-ın Azərbaycanla olan münasibətləri daha da inkişaf edir. Görünən odur ki, Azərbaycanın tutduğu mövqe dəstəklənir. Aydın məsələdir ki, Ermənistan Azərbaycanla rəqabət aparmaq gücündə deyil. Çünki Ermənistanın resursları məhduddur”.
Bir sözlə, siyasi ekspert hesab edir ki, Ermənistanın sərgilədiyi mövqe Vaşinqtonda yaxşı qarşılanmayacaq.