Dünyada enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsidir
Kəmaləddin Nəzərli
YAP Suraxanı Rayon Təşkilatının fəal üzvü
2024-2026-cı illər Azərbaycanın Avropa bazarındakı mövqelərinin kəskin şəkildə güclənməsi ilə xarakterizə olunur. 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı rəsmən Almaniya və Avstriya bazarlarına daxil olmuşdur. Bu,Trans-Adriatik Boru Kəməri vasitəsilə İtaliya üzərindən həyata keçirilən mürəkkəb, lakin strateji əhəmiyyətli bir logistik zəncirin nəticəsidir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, on iki il əvvəl təməli qoyulan Cənub Qaz Dəhlizi təşəbbüsü bu gün öz bəhrəsini verir. Əgər əvvəllər Azərbaycan yalnız qonşu ölkələrin ehtiyaclarını qarşılayırdısa, bu gün ixrac coğrafiyası Balkanlardan Mərkəzi Avropaya, hətta Yaxın Şərqə qədər uzanır. Bu, Azərbaycanın sadəcə bir tədarükçü deyil, həm də qlobal enerji bazarlarında tənzimləyici rolunu möhkəmləndirir.
Dünyada enerji təhlükəsizliyi artıq sadəcə iqtisadi faktor deyil, milli təhlükəsizliyin və dövlətlərarası strateji tərəfdaşlığın əsas sütununa çevrilmişdir. Bu yeni qlobal nizamda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, regional enerji mərkəzindən qlobal miqyaslı həlledici oyunçuya transformasiya olunub.
Azərbaycanın enerji strategiyasının ən parlaq göstəricisi onun coğrafi əhatə dairəsinin sürətlə genişlənməsidir. 2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, Azərbaycan boru kəmərləri vasitəsilə təbii qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerə yüksəlmişdir. Hazırda Azərbaycan qazı 16 fərqli ölkənin enerji balansında yer tutur. Bu göstərici ölkəmizi nəinki regionun, həm də qlobal miqyasın ən etibarlı və ən çoxşaxəli boru kəməri tədarükçüsü edir.
Bu gün Azərbaycan təkcə resurs ixrac edən ölkə deyil, həm də Avropanın enerji xəritəsini yenidən formalaşdıran, tədarük marşrutlarını şaxələndirən və yaşıl keçid prosesində aktiv iştirak edən strateji liderdir.