Doğma xalqına həsr olunmuş şərəfli ömür
Sevda Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
“Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.” Prezident İlham Əliyevin bu fikirləri dahi şəxsiyyətin liderlik keyfiyyətlərini, dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının genişliyini şərtləndirən amillər sırasında xalqına bağlılığını özündə təcəssüm etdirir.
Ümummilli liderin fəaliyyətinin hansı dövrünə nəzər salsaq dövlət, Vətən, xalq sevgisindən irəli gələn addımlarının davamlılığını görürük. Ulu öndər Heydər Əliyev Azərbaycanı hər zaman yüksəklərdə görmək istəyini yaratdığı möhkəm təməl ilə təsdiqlədi. 1969-1982-ci illərdə Azərbaycanı keçmiş İttifaqın subyektləri arasında geridə qalmış respublikadan ən qabaqcılları sırasına çıxardı. Əgər sovet dövründə - 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə yaradılmışdır. Kənd təsərrüfatı sürətli inkişaf dövrünü yaşayırdı. Xalqın rifahının yüksəldilməsi əsas prioritetlər sırasında idi. Xalqın ulu öndər Heydər Əliyevə sevgisi sonsuz idi. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, azərbaycançılıq ideologiyasının formalaşdırılması, təbliği bütün dövrlərdə ümummilli liderin fəaliyyətinin əsasını təşkil edib. Məhz buna görə dahi şəxsiyyətin hakimiyyətinin birinci dövrü milli özünəqayıdışın başlanğıcı kimi dəyərləndirilir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk gündən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ənənə halını almışdı. Atılan bu kimi addımlar müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə xidmət edirdi.
Azərbaycan xalqının zəngin tarixi, milli-mənəvi dəyərləri olan xalq olduğunu dünyaya çatdırmaq həyata keçirilən siyasətin əsas tərkib hissəsi idi. Azərbaycan dilinin dövlət dili statusunu qazanması da həmin dövrün reallıqları sırasında idi. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Ulu öndərin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunan Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması barədə maddə daxil edildi. Ulu öndərin fəaliyyətinin Naxçıvan mərhələsində də gördüyü işlər, qəbul etdiyi qərarlar Onun xalqına, dövlətinə bağlılığını, azərbaycanlı olması ilə fəxr etdiyini özündə əks etdirir. Belə ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ümummilli lider müstəqillik yollarında ilk adımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən xaricdə varlığını təsdiqləməsini mühüm amil kimi qeyd edirdi. Bu baxımdan dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin yaradılması qarşıda dayanan əsas vəzifələrdən oldu. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi. Təbii ki, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin bu məqamını qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycanlı olduğu üçün özünü xoşbəxt hiss edən ümummilli lider, eyni zamanda, Azərbaycanın Günəş kimi dünyaya doğacağının anonsunu verdi və düşünülmüş, məqsədyönlü siyasəti ilə bu istəyin reallığa çevrilməsinin aydın ideoloji xəritəsini hazırladı.
Azərbaycanın müstəqilliyinin daimi, sarsılmazlığını təmin edən ulu öndər Heydər Əliyev ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması ilə dövlətlərarası iqtisadi əlaqələrin əsasını qoydu. Hansı ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyindən ehtiyat etdikləri üçün tərəddüd içərisində idilər. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə məqsədilə reallaşdırdığı layihələr ölkəmizə investisiya axınını sürətləndirdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iqtisadi strategiyasını düzgün qurması insanların sosial rifah halının daha da yaxşılaşmasında özünün aydın ifadəsini tapdı. Azərbaycanın bu gününə və gələcəyinə inam artdı. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qorudu. Onu da qeyd edək ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Torpaq islahatı proqramı hazırlandı. Azərbaycan MDB-də torpaq islahatlarına başlayan ilk ölkə oldu. Ümummilli liderin iqtisadi siyasətinin əsas tərkib hissələrindən biri sahibkarlığın inkişaf etdirilməsi idi. Bölgələrin inkişafına xüsusi diqqət yönəldildi. Bu məqamı xüsusi qeyd etməliyəm ki, ulu öndər Heydər Əliyevin Bərdəyə 14 səfəri olub. Təbii ki, hər bir səfər rayonun inkişafına yönələn addımlarla yadda qalıb.
1993-2003-cü illər Azərbaycanın çoxəsrlik tarixində dirçəliş, inkişaf dövrü kimi xarakterizə edilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və məharətlə həyata keçirdi.
Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi.
Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması ümummilli liderin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirlərini reallıqda təsdiqlədi.
Ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində bu yolun uğurlu davamını təmin etmək üçün növbəti ünvanı göstərdi. Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq, Prezident seçilməsi böyük yolun davamı kimi dəyərləndirildi. Dövlətimizin başçısı ilk gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini bildirdi. Regional inkişaf proqramlarının uğurlu icrası real həyatda öz əksini tapır.
Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, Silahlı Qüvvələrimizin rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır.
O xalq xoşbəxtdir ki, onun gələcəyini düşünən lideri var. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinə, xalqına sevgisini onu davamlı inkişaf yoluna çıxarmaqla sübut etdi. Azərbaycanın bu gün sözünün imzası qədər əhəmiyyətinin artması Heydər Əliyev siyasətinin nəticəsidir. Onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik” fikirləri ilə sabahımıza olan inamını ifadə edir.