Azadlıqdan sonra Füzulidə genişmiqyaslı yenidənqurma işləri aparılır
Raminə Ağayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 36 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru
Füzuli rayonu zəngin tarixi, əlverişli coğrafi mövqeyi, qədim mədəni irsi və milli-mənəvi dəyərləri ilə seçilir. Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli kənd təsərrüfatı potensialı, tarixi-dini abidələri və mədəni ənənələri ilə Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında mühüm yer tutur. Rayon 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, yaşayış məntəqələri və tarixi-mədəni irs dağıdılıb, minlərlə sakin doğma yurdlarından didərgin düşüb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Füzuli şəhəri oktyabrın 17-də işğaldan azad edilib. Bu qələbə ərazi bütövlüyümüzün bərpası və sakinlərin doğma torpaqlarına qayıdışı yolunda mühüm mərhələ olub.
Füzulinin azadlığı uğrunda şəhid olan hərbçilərimizin fədakarlığı, qazilərimizin və əsgər-zabitlərimizin şücaəti daim ehtiramla yad edilir. “Füzulinin azad olunmasına görə” medalı bu qələbədə iştirak edən hərbi qulluqçuların xidmətlərinə verilən yüksək qiymətdir.
17 Oktyabr – Füzuli Şəhəri Gününün təsis edilməsi şəhərin azadlığının tarixi əhəmiyyətini yaşatmaq, Vətən müharibəsindəki Zəfəri gələcək nəsillərə çatdırmaq və milli yaddaşı möhkəmləndirmək məqsədi daşıyır. Bu tarix həm də sakinlərin qayıdışını və dövlətin bərpa-quruculuq siyasətini əks etdirir.
Azadlıqdan sonra Füzulidə genişmiqyaslı yenidənqurma işləri aparılır. Şəhərin Baş planı təsdiqlənib, yollar, enerji və su sistemləri, yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, səhiyyə və idman obyektləri inşa olunur. Əhmədbəyli–Füzuli–Şuşa yolu, Zəfər yolu və Füzuli Beynəlxalq Hava Limanı rayonun nəqliyyat imkanlarını genişləndirib. Yeni yaşayış məhəllələrinin və kəndlərin salınması Böyük Qayıdış Proqramının əsas istiqamətlərindəndir.
Füzulinin bərpasında qardaş ölkələrin dəstəyi də mühüm rol oynayır. Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi dostluq və humanitar əməkdaşlığın rəmzləridir.
Böyük Qayıdış çərçivəsində sakinlərin müasir yaşayış şəraiti, məşğulluq, təhsil, səhiyyə və digər xidmətlərlə təmin olunması istiqamətində tədbirlər davam edir. Bu layihələr Füzulinin sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və şəhərin müasir yaşayış məkanına çevrilməsinə xidmət edir.
Tarixi-mədəni irsin qorunması da bərpa prosesinin mühüm hissəsidir. Tarixi-dini abidələrin mühafizəsi, milli musiqi və ədəbiyyat ənənələrinin yaşadılması, mədəni tədbirlərin keçirilməsi şəhərin mənəvi həyatının bərpasına və milli kimliyin möhkəmlənməsinə töhfə verir.
17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın qəhrəmanlığını, dövlətimizin gücünü, milli birliyimizi və doğma torpaqlara bağlılığımızı əks etdirən əlamətdar tarixdir. Füzuli bu gün qəhrəmanlıq tariximizin, sülhün, quruculuğun və milli-mədəni dirçəlişin rəmzi kimi inkişaf edir.