Dövlətçiliyimizin Xilas Günü

Dövlətçiliyimizin Xilas Günü

Aysel Nəhmətova

YAP Suraxanı rayon təşkilatının və Hövsan Bələdiyyəsinin üzvü

Suraxanı rayonu, 196 nömrəli tam orta ümümtəhsil məktəbinin laborantı

15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində xüsusi önəm daşıyan əlamətdar günlərdən biridir. Bu gün ölkəmizin ağır sınaqlardan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymasını, müstəqil dövlət quruculuğunun möhkəm təməllər üzərində formalaşmasını simvolizə edir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, sonrakı illərdə ölkədə ciddi siyasi, iqtisadi və sosial problemlər yaşanmağa başladı. 

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra yaranmış qeyri-sabit vəziyyət daha da dərinləşdi. Hakimiyyət uğrunda mübarizə, daxili qarşıdurmalar, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ağır bir dövr yaşayırdı. Dövlət müstəqilliyini itirmək və vətəndaş müharibəsinə sürüklənmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb şəraitdə xalq öz xilaskarına üz tutdu. Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu. 

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin tarixində dönüş nöqtəsi oldu və sonralar Milli Qurtuluş Günü kimi qeyd edilməyə başlandı. Ulu Öndər hər zaman andına sadiq olub, xalqının mənafeyini hər şeydən üstün tutub. O, Azərbaycanı üzləşdiyi ağır böhrandan çıxarmaq üçün bütün bilik və təcrübəsini səfərbər etdi. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi, qanunçuluq təmin edildi və milli həmrəylik yaradıldı. Azərbaycan qısa müddətdə inkişaf yoluna qədəm qoydu. 

Milli Qurtuluşdan sonra həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə öz mövqeyini gücləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması, iqtisadi islahatların aparılması, xarici investisiyaların cəlb edilməsi və dövlət quruculuğunun inkişafı Azərbaycanın gələcək tərəqqisinin əsasını təşkil etdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmiz regionun lider dövlətinə çevrilmiş, iqtisadi və siyasi baxımdan böyük uğurlar qazanmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlətimizin beynəlxalq nüfuzunun daha da artması bu siyasətin parlaq nəticələrindəndir.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik ənənələrinin təntənəsidir. Bu əlamətdar tarix xalqımızın taleyində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın inkişaf yolunun başlanğıcı kimi hər zaman böyük ehtiramla qeyd olunur.