Dövlət suverenliyi hər bir xalq üçün ən böyük milli sərvətdir

Dövlət Suverenliyi Günü Prezidentin qətiyyətli siyasətinin təntənəsidir
Azərbaycan xalqı tarix boyu müstəqillik, azadlıq və suverenlik uğrunda mübarizə aparmışdır. Dövlət suverenliyi hər bir xalq üçün ən böyük milli sərvətdir. Bu gün ölkəmizin hər bir vətəndaşı fəxrlə deyə bilər ki, Azərbaycan dövləti öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir.
Müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini itirmədi, əksinə daha da möhkəmləndi. Bu gün isə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi özünün ən qüdrətli dövrünü yaşayır.
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən 20 Sentyabr-Dövlət Suverenliyi Günü xalqımızın mübarizə yolunun, əzminin və qələbəsinin simvoludur.
Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı-qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”Bu fikirlər xalqımızın əsrlərlə davam edən mübarizəsinin, müstəqillik əzminin və qəhrəmanlıq ruhunun parlaq ifadəsidir. Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə milli iradəsindən dönməmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan torpaqlarının böyük hissəsini işğaldan azad etdi. Lakin separatçılıq hələ də qalıq kimi mövcud idi.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir çox sahələrdə böyük uğurlara imza atmışdır:Ərazi bütövlüyünün bərpası - Qarabağımızın azad olunması ilə Azərbaycan tarixi ədaləti bərpa etdi.
Milli birliyin möhkəmlənməsi-xalq-dövlət-ordu birliyi Azərbaycanı qalib dövlətə çevirdi. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü ildə imzaladığı sərəncama görə, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir ki, bu qərar Azərbaycanın dövlətçilik tarixində həm hüquqi-mənəvi, həm də tarixi uğurlu bir dönəmə çevrilmişdir.
Əziz oxucular, mən əslən Laçın rayonundanam. İllərlə həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq mənim üçün ən böyük qürurdur. Laçınımızın, Qarabağımızın azad olunması hər bir azərbaycanlı üçün milli qürur, tarixi ədalət və müqəddəs bir zəfərdir. Biz bu gün öz torpaqlarımıza sahib çıxmaqla gələcək nəsillərə ən böyük miras-qalibiyyət irsini ötürürük.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu, həm də gənc nəsil üçün böyük məsuliyyətdir. Bu gün biz azad, müstəqil və qalib bir dövlətdə böyüyürük.Bizim üzərimizə düşən ən böyük vəzifə bu irsi qorumaq, dövlətə sədaqətlə xidmət etmək və Azərbaycanın daha qüdrətli gələcəyini qurmaqdır.
20 Sentyabr- Dövlət Suverenliyi Günü xalqımızın mübarizliyinin, dövlətçiliyimizin qüdrətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir. Bu gün bizə göstərir ki, müstəqillik əbədi, suverenlik isə dönməzdir.Qoy bu gün xalqımızın birliyinin, qələbələrinin və milli qürurunun əbədi rəmzi kimi tarixdə yaşasın!