Dilimiz çox zəngin və ahəngdar dildir
Samirə Abdulleyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Göyərçin" körpə evlər-uşaq bağçasının müdir əvəzi
“Öz ana dilini bilməyənlər şikəst adamlardır!”. Tarixində min məna yatan bu kəlamı Ulu Öndərimiz Heydər Əliyev söyləmişdir. Ana dilimizin Azərbaycan dili adlandırılmasında, Sovet hakimiyyətinin rus dili əsarətindən qurtulmasında Ümummilli liderimiz böyük təşəbbüs göstərmişdir. Hər bir ölkənin öz dövlət dili olduğu kimi, bizim də doğma ana dilimiz – Azərbaycan dilimiz var. Ölkəmizin taleyi kimi dilimizin taleyi də keşməkeşli, əzablı yollarla, daş-kəsəklə dolu olmuşdur. Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilmişdir. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınmışdır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Öz Vətəninə, dilinə ürəkdən bağlı olan Ulu Öndərimiz Heydər Əliyev öz kəlamlarında dilimizə olan sevgisini, sayğısını əks etdirir. O böyük fəxarət və qürur hissi ilə demişdir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirmiş, onun inkişaf etməsi və qorunması üzrə siyasi xəttinə hər zaman sadiqlik nümayiş etdirmişdir. Ümummilli Lider deyərdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir k, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki, dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.”
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ana dilimizin qorunmasında və inkişaf etməsində əvəzsiz xidmətləri olan Prezidentimiz demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.”
Hər il avqust ayının 1-də ölkəmizdə Ana dili kimi qeyd olunur. Bu əlamətdar gün Ulu Öndərimiz Heydər Əliyevin və onun siyasətlərini davam etdirən prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə tarixə yazılmışdır.