Azərbaycanın xarici investorlarla uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verir

Azərbaycanın xarici investorlarla uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verir

Hüseynqulu Quliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi

2026-cı il sentyabrın 25–26-da Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Parçalanmış dünyada etimadın bərpası, Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə iştirak edib və Azərbaycanın iqtisadi inkişafı, investisiya imkanları və gələcək prioritetləri ilə bağlı fikirlərini bölüşüb. 

Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunaraq, ölkənin əlverişli investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bu vəsaitin təxminən yarısı xarici investisiyaların payına düşür. 

Çıxışda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və yeni investisiya layihələrinin həyata keçirilməsi əsas prioritetlər kimi vurğulanıb. Prezident Azərbaycanın enerji potensialından danışaraq, neft və qaz sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını qeyd edib. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafının vacibliyini vurğulayıb. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının böyük olduğunu bildirərək, bu sahəyə investisiyaların artırılmasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, “ExxonMobil” və “TotalEnergies” kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanlarından danışıb, enerji layihələrinin gələcək perspektivlərini qeyd edib. 

Dövlət başçısı Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyə malik olduğunu vurğulayaraq, ölkənin regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində görülən işlərdən danışıb. Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, regional əməkdaşlığın genişləndirilməsi və tranzit imkanlarının artırılması Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində mühüm amillər kimi göstərilib.

Prezident İlham Əliyev Azərbaycanın maliyyə sabitliyinə toxunaraq, dövlət borcunun aşağı səviyyədə olduğunu və valyuta ehtiyatlarının ölkənin iqtisadi dayanıqlığını gücləndirdiyini bildirib. O, qeyri-neft sektorunun inkişafının, kənd təsərrüfatının genişləndirilməsinin və ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, rəqəmsal texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət çəkib. Prezident çıxışında Azərbaycanın xarici investorlarla uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. 

Sabitlik, iqtisadi təhlükəsizlik, əlverişli biznes mühiti və beynəlxalq tərəfdaşlarla etibarlı münasibətlər ölkənin investisiya cəlbediciliyini artıran əsas amillər kimi qeyd olunub. Dövlət başçısı beynəlxalq investorları Azərbaycanda mövcud olan imkanlardan yararlanmağa və yeni layihələrdə iştirak etməyə dəvət edib.

Paylaş