Azərbaycan–Laos biznes-forumu vasitəsilə siyasi etimadın konkret iqtisadi layihələrə çevrilməsi əsas prioritet hədəfdir

Azərbaycan–Laos biznes-forumu vasitəsilə  siyasi etimadın konkret iqtisadi layihələrə çevrilməsi əsas prioritet hədəfdir

Fidan Mehdiyeva

YAP Suraxanı rayon təşkilatının gənc fəalı

Azərbaycan Kooperasiya Universiteti, II kurs tələbəsi

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasındakı diplomatik tərəfdaşlıq ölkəmizin Asiya istiqamətində xarici siyasət prioritetlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 22 may 1995-ci ildə qoyulmuşdur.

Ötən dövr ərzində tərəflər beynəlxalq arenada qarşılıqlı dəstək nümayiş etdirmiş, parlamentlərarası dostluq qrupları vasitəsilə siyasi dialoqun davamlılığını təmin etmişlər. Bu dinamikanın davamı olaraq, 8–9 dekabr 2025-ci ildə ilk siyasi məsləhətləşmələr keçirilmiş, 20 aprel 2026-cı ildə isə xarici işlər nazirlərinin görüşündə nəqliyyat, logistika və humanitar sahələrdə əməkdaşlıq geniş müzakirə olunmuşdur.

İkitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində 13 oktyabr 2026-cı ildə Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana reallaşan ilk rəsmi səfəri tarixi rol oynamışdır. Prezident İlham Əliyevlə aparılan danışıqlar zamanı qəbul edilmiş Birgə Bəyanat, həmçinin kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu və xidməti pasportların vizadan azad edilməsi sazişi əlaqələrin hüquqi bazasını genişləndirmişdir.

Hazırda qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının dəyərləndirilməsi və Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan–Laos biznes-forumu vasitəsilə siyasi etimadın konkret iqtisadi layihələrə çevrilməsi əsas prioritet hədəfdir.

Azərbaycan ilə Laos arasındakı münasibətlərin təhlili göstərir ki, tərəflər coğrafi uzaqlığa baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək əlaqələri keyfiyyətcə yeni müstəviyə qaldırmağa nail olmuşlar. İmzalanan sənədlər əməkdaşlığın sadəcə bəyanatlar səviyyəsində qalmadığını, konkret praktiki mexanizmlərlə dəstəkləndiyini sübut edir.

Laos Prezidentinin tarixi səfəri və əldə olunmuş razılaşmalar Azərbaycanın Cənub-Şərqi Asiya regionundakı diplomatik nüfuzunun artmasının və çoxvektorlu xarici siyasətinin uğurlu nəticəsidir.

Paylaş