Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti ..

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti ..

Könül  İsmayılova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayonu, 163 saylı körpələr evi- uşaq bağçasının müdiri

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli "Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsinə dair" Sərəncamına əsasən, 8 noyabr “Şuşa şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Həmçinin Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi təntənə ilə qeyd edilir.
Qarabağın tacı olan Şuşa şəhəri düz altı il əvvəl – 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan Ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu, əzəli Azərbaycan torpağı olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk olundu. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
28 il boyunca Şuşa od ağlayır, Azərbaycanı sevən hər bir kəsin gecəsi-gündüzü bura ilə bağlı olur, şəhidlərimizin ruhu narahatlıq içində çırpınırdı. Məktəbli olanda da, Heydər Əliyev adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olanda da Şuşanı bürüyən dumanın çəkilməsini, bu dumanı dağıdacaq döyüşçülərin sırasında olmağı arzulayardıq. Şuşa həmişə hər birimizin düşüncələrində yaşayıb və yaşayacaqdır...

Paylaş