CƏNAB PREZİDENTİN GÜRCÜSTAN SƏFƏRİ MÜHÜM ƏHƏMİYYƏT DAŞIYIR

CƏNAB PREZİDENTİN GÜRCÜSTAN SƏFƏRİ MÜHÜM ƏHƏMİYYƏT DAŞIYIR
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktoru
Hazırkı beynəlxalq və regional vəziyyət Azərbaycanın xarici siyasətində çevik qərarlar qəbul etmək, manevr imkanlarını genişləndirməyi tələb edir. Dünyada, eləcə də regionda baş verən hadisələr siyasi xətlərdə zəruri korrektələrə, əməkdaşlıq yolları axtarmağa vadar edən amillərdəndəndir.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sülh səyləri, əməkdaşlıq yönündə apardığı xarici siyasət təqdirəlayiqdir. Hadisələrə çevik reaksiya ilə yanaşı, regionda sülh, barış ideyaları indi hamı tərəfindən yüksək qiymətləndirilir. Cənab Prezidentin bugünlərdə qonşu Gürcüstan Respublikasına səfəri tarixi ənənələrə söykənən əməkdaşlığa verilən önəmin təzahürlərindən biridir.
24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Hazırda birgə icra olunan bir çox layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezidentin səfərinin yekunları ilə bağlı mətbuata verdiyi açıqlamalardan göründüyü kimi Azərbaycan Qarabağ münaqişəsinin başa çatmasından sonra dinc yanaşı yaşamaq, regionun sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün bütün sahələrdə əməli addımlar atmaqdadır: ”Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”.
Gürcüstanla ticarət əlaqələrimizə toxunan dövlət başçısı qeyd etmişdir ki, “Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.
Azərbaycanı dünya bazarlarına qaz ixracını artırmaq yönündə addımları, dünyada gedən hadisələrə təsir etmək imkanlarımızı artırmaqla yanaşı, regionun aparıcı dövlətinə çevrilməsinə də öz müsbət təsirini göstərəcəkdir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.
Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcminin 75 faiz artması, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması üçün həyata keçirilən işlər bu mənada atılan addımların effektliliyindən xəbər verir. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac duyulur. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır;
Cənab Prezidentin qeyd etdiyi kimi “Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq, logistika imkanlarını genişləndirmək üçün ilk növbədə Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq gərəkdir.
Azərbaycan və Gürcüstan əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişafı həm regionda qarşılıqlı etimad mühitinin yaranmasına, həm də iqtisadi inkişafa təkan verəcəkdir.