Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

Rafiq Ismayilov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

"Dental Clinic" stomatoloji mərkəzinin direktoru

Noyabr ayının 20- si İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatla yadda qaldı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğulayıb, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirib.

Prezident İlham Əliyev tərəfindən verilmiş mesajların bütün siyasi çalarlarını anlamaq və hiss etmək üçün, ilk növbədə, iki məsələni mütləq nəzərə almalıyıq: İraq Prezidenti Azərbaycandan sonra Ermənistana səfər edəcək və aydın məsələdir ki, burada səslənən mesajlar öz inkişafını Ermənistanda müxtəlif interpretasiyalarda tapa bilər. Hər hansı dövlət başçısının rəsmi səfəri mütləq beynəlxalq mətbuatın diqqətində olacaq və müxtəlif siyasi kontekstlərdə ictimaiyyətə təqdim ediləcək. Azərbaycan Prezidentinin mövcud kontekstdə məzmun və mahiyyət etibarı ilə əhəmiyyətli hesab olunan cəmi bir neçə mesajını qısa da olsa qeyd etmək zəruridir. İnformasiya məkanının açıqlığı və əhalinin siyasi savadlılığı kifayət edəcək ki, həmin mesajların ölkəmiz və ölkəmizin xarici imici üçün strateji əhəmiyyəti adekvat şəkildə dəyərləndirsin. “Hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik”. Qeyd olunan sözlər Azərbaycanın şərtsiz Qələbəsinin tarixi nailiyyət və obyektiv həqiqət kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına xidmət edir. Suverenliyin toxunulmazlığı ölkəmizin prinsipial mövqeyidir və bu məsələdə hər hansı güzəşt qəbulolunmazdır.

Əslində Prezident bu sözlərlə sülh danışıqlarının və birgəyaşayışın Azərbaycan üçün prinsipial hesab edilən şərtlərini səsləndirmiş olur. “Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər”. Bəli, qeyd olunan mesajın geosiyasi tutumu heç də az deyil, ancaq ehtimal edə bilərik ki, Prezident İlham Əliyev bu sözlərlə erməni xalqını müstəmləkə təfəkkürünün hipnoz təsirindən oyatmaq istəyir. Dövlət başçısı uzun illər ərzində bütün beynəlxalq platformalardan dəfələrlə vurğulayıb ki, Ermənistanın inkişafı yalnız Azərbaycan torpaqlarının qaytarılması və ölkəmiz ilə dost əməkdaşlıq münasibətlərinin qurulmasından keçir. “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz”. Bəli, bu mesaj, ilk növbədə, ali siyasi iradənin nümayişidir. Ancaq Prezident İlham Əliyevin dövlət siyasətinin xüsusiyyətlərini nəzərə alaraq ehtimal edə bilərik ki, qeyd olunan mesaj, eyni zamanda, xalqın ictimai-siyasi şüurunda “qalib xalq” təfəkkürünün formalaşması prosesinə də bir töhfədir.

İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib