COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək

Gülnar Mürsəlova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayon, 196 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaq planlarına dair açıqlamalar verdi. Həmçinin dövlətimizin başçısı Azərbaycanın qarşısında duran əsas hədəfin bərpaolunan enerji növləri ilə bağlı olduğunu və artıq 10 gigawatt bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırdı. Xüsusi olaraq cənab Prezident İlham Əliyev Serbiya, Bolqarıstan və Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin bir neçə gün bundan əvvəl Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək göstərdiklərini və bunun dostluğumuzun bariz nümunəsi olduğunu vurğuladı. Azərbaycanın zəngin neft və qaz resursları olmasına rəğmən, ölkəmiz öz gələcəyini təmiz yaşıl enerjinin istehsalında və ixracında görür. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 gigawattdır. Yaxın gələcəkdə baş tutacaq yaşıl enerjinin Avropaya ixracı Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirəcək

Prezident qeyd edib: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.