2025-ci ilin 21 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xəbər Agentliyi "Sinxua"ya verdiyi müsahibə, Azərbaycan və Çin arasında yüksələn əlaqələrin və strateji tərəfdaşlığın növbəti əhəmiyyətli mərhələsini təşkil etdi. Bu müsahibə, sadəcə informasiya mübadiləsi olaraq qalmaqla yanaşı, həm də iki ölkə arasında münasibətlərin dərinləşməsi, qarşılıqlı maraqların və gələcək əməkdaşlıq istiqamətlərinin aydınlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibədə Prezident İham Əliyev, Çin ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə necə inkişaf etdiyini və bu münasibətlərin gələcəkdə necə daha da güclənəcəyinə dair konkret fikirlərini bildirib. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq, son illərdə möhkəmlənərək strateji tərəfdaşlığa çevrilib. 2023-cü ilin iyulunda imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu bəyannamə, yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, həmçinin regional və qlobal sülhün təşviqinə də mühüm töhfə verir.
Prezident İlham Əliyev, müsahibəsində, Azərbaycan-Çin əlaqələrinin tarixini və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsini vurğulayıb. Həmin bəyannamə ilə, iki ölkə arasında qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlər, həmçinin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətin təməl prinsipləri olaraq bəyan edilib. Prezident, bəyannamənin imzalanmasının həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətli bir tarix olduğunu və bu, yeni səhifə açmaqla yanaşı, daha da dərinləşəcək əməkdaşlıq üçün geniş perspektivlər yaradacağını bildirib.
Azərbaycan və Çin arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulmuşdur. Lakin münasibətlərin əsl canlanması 2000-ci illərin ortalarından etibarən baş vermişdir. 2005-ci ildən sonra, iki ölkə arasında müxtəlif sahələrdə imzalanan sazişlər, yüksək səviyyəli qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlıq layihələri bu münasibətlərin inkişafını sürətləndirmişdir. Çin Xalq Respublikasının 2015-ci ildə irəli sürdüyü "Bir Kəmər, Bir Yol" təşəbbüsünə Azərbaycan dərhal dəstək göstərmiş və bu çərçivədə fəal iştirak etməyə başlamışdır. Həmin dövrdən etibarən bu təşəbbüs Azərbaycan üçün yalnız iqtisadi inkişafın əsasını qoyan layihə deyil, həm də regionlararası əməkdaşlığın daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Prezident Əliyev müsahibəsində bu təşəbbüsün önəmini xüsusi vurğulamışdır. O qeyd edib ki, Azərbaycanın 2018-ci ildən etibarən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində oynadığı tranzit rolu, ölkənin logistik mərkəz kimi önəmini daha da artırmışdır. Xüsusilə,Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın bu sahədəki potensialını daha da gücləndirmişdir. Bu layihələr, həmçinin, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün Azərbaycan üçün nə qədər mühüm olduğunu göstərir.
Eyni zamanda, Azərbaycan Çinin təhsil sahəsindəki əməkdaşlığını da inkişaf etdirir. Prezident,İlham Əliyev iki ölkə arasında universitetlərarası əlaqələrin artması, xüsusilə Çin və Azərbaycan dillərinin öyrənilməsinə verdikləri önəmi qeyd edib. Bu sahədə təhsil müəssisələrinin əməkdaşlığı, qarşılıqlı mədəni zənginləşməyə və xalqların yaxınlaşmasına xidmət edir.
Azərbaycanın Çinə qarşı tətbiq etdiyi vizasız rejim, iki ölkə arasında turizm və işgüzar fəaliyyətin artmasına şərait yaradıb. Prezident, bu addımın iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə müsbət təsir edəcəyini vurğulayıb.
Çin 2024-cü ildə Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olmuşdur və 2025-ci ildə bu mövqe daha da möhkəmlənmişdir. Prezident Əliyev müsahibəsində qarşılıqlı sərmayələrin artdığını, xüsusilə kənd təsərrüfatı, enerji, texnologiya və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirildiyini qeyd etmişdir. Bu da Azərbaycanın Çinlə olan iqtisadi əlaqələrinin daha da inkişaf etməsinə imkan yaradıb. Çin ilə əməkdaşlıq çərçivəsində, Azərbaycanın ŞƏT-dəki dialoq tərəfdaşlığı da önəmli yer tutur. Azərbaycanın bu təşkilatda fəal iştirakı, həm regional, həm də beynəlxalq təhlükəsizliyin təmin olunmasına yönəlmiş mühüm layihələrin həyata keçirilməsini mümkün edir.
Əldə edilən uğurlar, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir və ölkənin strateji tərəfdaşlıq siyasətinin mühüm hissəsini təşkil edir. İlham Əliyev, gələcəkdə Çin ilə olan bu əməkdaşlığın, həmçinin bəşəriyyətin ümumi dəyərlərinin təşviqinə xidmət edəcəyinə inandığını ifadə edib.
2024-cü ilin sonlarında, Qazaxıstanın paytaxtı Astanada Azərbaycan və Çin liderləri arasında keçirilən görüş zamanı imzalanan Birgə Bəyanat, 1992-ci ildən bu günədək inkişaf edən münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Prezident İlham Əliyev bu sənədi "tarixi sənəd" adlandıraraq, gələcəkdə Azərbaycan-Çin əməkdaşlığının daha da güclənəcəyinə olan əminliyini ifadə etmişdir. Bu sənədin imzalanması, yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də regional və qlobal əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.Nəticə etibarilə, 21 aprel 2025-ci ildə Prezident İlham Əliyevin "Sinxua" agentliyinə verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərində 1992-ci ildən bu günə qədər qət olunan yolun nəticəsi və gələcəyə doğru atılan strateji addım kimi qiymətləndirilə bilər. Bu müsahibə, Azərbaycanın qlobal əməkdaşlıqda artan rolunu və uzaqgörən diplomatik yanaşmasını bir daha nümayiş etdirir.
Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Çin arasındakı əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır; həm də beynəlxalq əməkdaşlıq, humanitar sahələr və geosiyasi sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlər, yalnız iki ölkə üçün deyil, bütövlükdə region və qlobal miqyasda da müsbət təsirlər yaradır.