Azərbaycanın Qoşulmama Hərəkatına layiqli sədrliyinin uğurlu nəticələri
Şəfəq İbişova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktoru
Məlum olduğu kimi, İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həlli vacib və aktual məsələlərə toxunub, bu beynəlxalq platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
Dövlət başçısı Azərbaycanın Hərəkata sədrliyi dönəmində ölkəmizin mövqeyi və rolu haqqında ətraflı məlumat verib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olduğunu bildirib. Azərbaycanın əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini vurğulayıb.
Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu bildirən Prezident İlham Əliyev Fransanın müstəmləkə siyasətindən və erməni separatizmini dəstəkləməsindən danışıb. Dövlət başçısı bildirib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu münasibətin riyakarlıq və ikili standartlardan başqa bir şey olmadığını nəzərə çatdırıb.
Vətən müharibəsində tarixi Qələbəmizdən söz açan dövlət başçısı bildirib ki, 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. Münaqişə başa çatdıqdan az sonra bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.
Göründüyü kimi, milli maraqlara söykənən xairici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunur. Ölkəmiz üzv olduğu beynəlxalq təşkilatların fəaliyyətində fəal iştirak edir, əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfələrini verir. Bu mənada ölkəmizin hazırda sədr olduğu Qoşulmama Hərəkatına üzv dövlətləri ilə münasibətləri bunun bariz nümunəsidir.