Cənab İlham Əliyev demokratik, hüquqi və dövlət quruculuğu siyasətini uğurla həyata keçirir
Sevda Hacıyeva
2 saylı uşaq evinin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan. Xalqının böyük sevgisi və inamını qazanan cənab İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar seçkilərdə səslərin 86,02 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqın bu dəfəki etimadı da doğruldu. Сənab İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də Prezident seçildikdən sonra çıxış edərək bildirib ki, onun ən ali vəzifəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması olacaqdır. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətin nəticəsində 30 illik Qarabağ həsrətinə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin yekununda öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız erməni işğalından azad edildi. İlham Əliyev xalqımızı “Dəmir yumruq” altında birləşdirərək Azərbaycan xalqını qalib xalq kimi bütün dünyaya tanıtdı. Məhz verilən sözlərin yerinə yetirilməsinin nəticəsidir ki, bu gün xalq öz Prezidentinə sonsuz minnətdardır.
Azərbaycan bu gün bütün dünyada sülhün, əmin-amanlığın, tolerantlığın məkanı kimi tanınır. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan günü-gündən inkişaf edərək çiçəklənir. İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikası siyasi və iqtisadi cəhətdən güclənərək inkişaf edən ölkələr sırasında öz layiqli yerini tutur, ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənir. Cənab İlham Əliyev demokratik, hüquqi və dövlət quruculuğu siyasətini uğurla həyata keçirir, hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu formalaşmasını mükəmməl şəkildə yerinə yetirib. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyinin əsasları möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı. Azərbaycanda son 18 illik dövrdə iqtisadi irəliləyiş ölkənin bütün sahələrinin inkişafında öz əksini göstərir. Prezidentimizin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan öz inkişaf dinamikasına görə digər illərdən əsaslı şəkildə fərqlənir.
İnsan amili, xalqın rifahi və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi mövqeyini daha da gücləndirdi. İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşların rifah halının yüksəldilməsinə öz müsbət təsirini göstərir. İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, bizim siyasətimizin mərkəzində vətəndaş amili dayanır. Bu fikir ölkədə həyata keçirilən sosial siyasətin mahiyyətini çox aydın şəkildə göstərir. Ölkəmizdə görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının mənafeyi üçündür. Məhz İlham Əliyevin sosial sahədə həyata keçirdiyi islahatlar nəticəsində işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşüb, müavinətlər, təqaüdlər, pensiya və maaşlar dəfələrlə artırılıb. Ölkə başçımız torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi yolunda qətiyyətlə addımlarının nəticəsində 30 il sonra Qarabağda bayrağımızın dalğalandı. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış planı bizi olduqca qürurlandırır. Həmin ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması, müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrası İlham Əliyevin xalqına verdiyi dəyərin bir nümunəsidir. Bütün bu işləri görməkdə prezidentimizin başlıca məqsədi xalqının gözəl və sağlam gələcəyini təmin etməkdir. Bu yolda xalq da dövlət başçısının ətrafında sıx birləşərək ona inanır, güvənir və daima dəstək olur.