Bugün Qubadlı şəhəri günüdür
Günay Camalova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon, 275 nömrəli tam orta məktəbin müəllimi
İnsan yarandığı gündən öz taleyindən daha çox torpağın, yurdun, Vətənin, doğma insanların taleyini yaşayır. Vətəni, torpağı sevmək, doğma insanların xatirəsini yaddaşın silinməz qatlarında yaşatmaq, onun ağrı-acısıyla yanaşı, sevincini, fərəhini öz sevinci kimi qəbul etmək insana bəxş olunmuş ən bəşəri keyfiyyətlərdən biridir. Baxmayaraq ki, uşaqlıq illərimdə doğma torpağım olan Qubadlıdan ayrı düşdüm, lakin illərdirki ümudimi itirmədim. Bir gün o torpaqlara qayıdacam deyə həsrətlə gözlədim.
Nəhayət ki, Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri də Qubadlının azad edilməsi hesab edilirdi.
Birinci Qarabağ müharibəsində Qubadlı rayonunda yaddaşlara yazılan milli qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bədəlov Nadir, şəhid Əbülfəz Mehdiyev “Vətən Uğrunda” medalı, İrşad Həsənquliyev “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdülər. İkinci Qarabağ müharisəbisində polkovnik- leytenant Şükür Həmidov, mayor Taleh Kərimov, mayor Alıyev Elçin, general-leytenant Mais Bərxudarov və bir çox canını qanını o torpaqlarda qurban verən igid oğullarımız daim bizim qəlbimizdə yaşayacaq.
Dövlət başçısı 2021-ci il iyunun 24-də də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Bugün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq 7 yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Bütün bu uğurlu işlərə görə, Ali Baş Komandan, böyük sərkərdə, bu qələbəni bizə yaşadan cənab İlham Əliyevə, canından keçən şəhid və qazilərimizə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların sayəsində 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Yaşasın müstəqil, azad Azərbaycan!