Budapeştdə keçirilən Zirvə görüşü TDT daxilində iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm bir addımdır

Budapeştdə keçirilən Zirvə görüşü TDT daxilində iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm bir addımdır
İlhamə Şirinova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin müəllimi
Türk Dövlətləri Təşkilatı (əvvəl Türk Şurası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanıb) fəaliyyətinin əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Daha sonra Özbəkistan da bu təşkilata qoşulub. Türkmənistan və Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə qismində təmsil olunurlar. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Türk Dövlətləri Təşkilatı 1992-ci ildən etibarən keçirilən türk dövlətləri başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb. 21 may 2025-ci il tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət və Hökumət Başçılarının Qeyri-rəsmi Zirvəsi keçirilmişdir. Zirvə görüşünə Macarıstanın Baş naziri cənab Viktor Orbanın ev sahibliyi etmişdir. Görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti cənab Sadir Japarov, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev və TDT-nin baş katibi cənab Kubanıçbek Ömüralıyev iştirak etmişlər.“Şərqlə Qərbin görüş nöqtəsi” mövzusu altında təşkil olunan Qeyri-rəsmi Zirvə görüşü dövlət başçılarına prioritet sahələr üzrə əməkdaşlığı gücləndirmək, ümumi regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb.
Türk dünyasının böyük coğrafi əhatə dairəsi və ortaq mədəni-siyasi yaddaşı son illərdə təkcə tarixi bağlılıqla deyil, həm də çağdaş geosiyasi ehtiyaclarla yenidən formalaşır. Bu baxımdan mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasında yeni bir dövrün başlanğıcını simvolizə edir. Bu sammit sadəcə rəsmi protokol və ya ənənəvi görüşlərdən fərqli olaraq, türk dövlətləri arasında strateji əməkdaşlığın, qarşılıqlı anlaşmanın və inteqrasiyanın dərinləşdirilməsi baxımından önəmli məqamdır. Avropanın siyasi mərkəzlərindən birində keçirilən bu tədbir türk dünyasının qlobal geosiyasi kontekstdə daha fəal iştirakının göstəricisidir və yeni çağırışlara adekvat reaksiya vermək üçün birgə platformanın formalaşmasına xidmət edir.
Qeyri-rəsmi statusa malik olmasına baxmayaraq, Budapeşt Zirvəsi qarşıdakı rəsmi sammitlərin səmərəli və nəticəyönümlü keçirilməsi üçün zəmin yaradır, türk dünyasının gələcək strateji prioritetlərinin formalaşmasına təsir göstərir. Bu görüş, eyni zamanda, türk dövlətləri arasında inteqrasiyanın siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə daha mütəşəkkil və effektiv quruma çevrilməsi üçün vacib addımdır.
Budapeşt zirvəsi 2024-cü ildə Azərbaycanda keçirilmiş Qarabağ Sammitindən sonra ikinci qeyri-rəsmi TDT sammitidir. Qarabağ Bəyannaməsi həmin sammitdə qəbul edilib və Budapeştdə müzakirə edilən bir çox təşəbbüsün əsasını qoyub, Azərbaycanın TDT-nin iqtisadi gündəliyinin təkmilləşməsindəki liderliyini davam etdirib. Budapeştdə keçirilən Zirvə görüşü TDT daxilində iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm bir addımdır. Budapeşt Bəyannaməsi Türk Dövlətləri Təşkilatının perspektivlərini və strateji fəaliyyət istiqamətlərini bir daha vurğulayıb.