Bu il “Bakı Enerji Həftəsi”ndə 44 ölkədən 274 şirkət iştirak edir
Zeynəb Əlizadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin əməkdaşı
İyunun 1-də Bakı növbəti mötəbər beynəlxalq tədbirə – Bakı Enerji Həftəsinə ev sahibliyi edib. Azərbaycanın paytaxtı Bakı artıq təkcə regionun deyil, dünyanın mühüm beynəlxalq tədbirlər mərkəzlərindən biri kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimləri baş tutub.
Öz başlanğıcını 1994-cü ildən keçirilən “Caspian Oil and Gas” sərgisindən götürən Bakı Enerji Həftəsi bu gün qlobal enerji sektorunun ən nüfuzlu platformalarından birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan bu tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək beynəlxalq enerji əməkdaşlığının mühüm ünvanına çevrilib.
Bu il Bakı Enerji Həftəsində 44 ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq enerji bazarında artan nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir. Tədbirdə dünyanın müxtəlif regionlarını təmsil edən şirkətlərin iştirakı enerji sahəsində əməkdaşlığın geniş coğrafiyasını əks etdirir. Almaniya və Rusiya isə milli pavilyonlarla təmsil olunurlar.
Sərgidə iştirak edən şirkətlərin 35 faizinin yeni iştirakçılar olması Azərbaycanın enerji sektoruna marağın davamlı şəkildə artdığını göstərir. İştirakçıların təxminən 60 faizinin xarici, 40 faizinin isə yerli şirkətlərdən ibarət olması ölkəmizdə beynəlxalq və yerli biznes arasında formalaşan səmərəli tərəfdaşlıq mühitini nümayiş etdirir.
Bu gün “Bakı Enerji Həftəsi” yalnız neft və qaz sənayesi ilə məhdudlaşmır. Tədbir yaşıl enerji, enerji keçidi, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika və sənaye sahələrini özündə birləşdirən geniş beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir.