Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri hər iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərin inkişafına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət başçısı Emoməli Rəhmon ilə aprelin 5-də geniş tərkibdə görüşündə iki ölkə xalqlarını qədim tarixi köklərə malik ənənəvi dostluq telləri bağladığı vurğulanıb, ötən illər ərzində həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli şəkildə genişləndiyi bildirilib. İki ölkə arasında münasibətlərin dinamik inkişafı dövlət başçılarının mətbuata bəyanatlarında da əksini tapıb.
Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha göstərir ki, Azərbaycan sülhsevər dövlətdir və dövlət başçımızın yürütdüyü siyasət də bu amala xidmət edir. “Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”. Prezident İlham Əliyevin bu sözləri hər bir azərbaycanlının ürək sözüdür.
Qeyd edək ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı 1990-cı illərin əvvəllərində Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin, yeritdiyi düzgün siyasətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. O ağır illərdə Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev qanlı müharibəni dayandırmaq və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatında səsləndirdiyi “Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir” sözləri hər iki ölkənin gənclərinə mesajdır. Ölkə başçımız düzgün olaraq qeyd edir ki, bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Azərbaycan dövlət başçısının Tacikistan səfərində nəqliyyat-logistika, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub.
Azərbaycan Prezidenti bəyanatında respublikamızın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu bildirərək, bunu dost ölkənin bizə yaxın dövlət olması, orada sabitlik hökm sürməsi ilə əlaqələndirib: “İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən, xarici investisiyalar dövlət tərəfindən qorunur”.
İkitərəfli əməkdaşlığın hüquqi bazasını, əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 saziş təşkil edib. Hüquqi müqavilə bazasının əsası iki ölkənin liderlərinin rəsmi səfərlərinin nəticələrinə əsasən formalaşıb. Bu ikitərəfli sənədlər siyasi, iqtisadi, ticari, investisiya, sənaye, nəqliyyat, turizm, elmi-texniki sahədən mədəni-humanitar sahəyədək müxtəlif sferaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlığını əhatə edib.
Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət edir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə dövlətimizin başçısının Tacikistanın Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin, hər iki dövlət başçısının mətbuata bəyanatlarla çıxışları bunun bariz ifadəsidir.