Bu dəfə də ənənə dəyişmədi, ilk rəsmi səfər Türkiyəyə oldu
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şəhrçi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gedib. Yenə ənənəyə sadiqlik nümayiş olundu. İlham Əliyev yenidən prezident seçiləndən sonra ilk rəsmi səfərini məhz Türkiyəyə etdi. Doğrudan da Prezident öz ənənəsinə sadiq olaraq, ilk rəsmi dövlət səfərini qardaş Türkiyəyə etdi: “Bu çox böyük məna daşıyır. Çünki Türkiyə həm bizim strateji müttəfiqimizdir, həm də biz bir millət iki dövlətik.
Bu gün bizim ölkə həm də Türk Dövlətləri Təşkilatında birləşir. Bunun daha aktual, daha hərəkətverici olması üçün İlham Əliyev çox böyük səylər göstərib. Orta Asiyadakı türk dövlətlərinə rəsmi səfərlər etdi. Bu gün türk dövlətlərinin inteqrasiyası məhz həmin formatda inkişaf edir. Azərbaycan Prezidenti öz andiçmə mərasimində dedi ki, bu çərçivədə fəaliyyətimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir. Prezident dedi ki, bu, həm də bizim ailəmizdir. Türk dünyasını istəməyənlər isə buna mane olmağa çalışır. Belə bəd əməllər bizim birliyimizi poza bilmir. Ölkə başçıları arasında təkbətək və geniş heyətdə görüş olacaq. Görüşlərin əsas mövzusu dünyadakı beynəlxaq vəziyyətin müzakirəsi, Fələstin-İsrail münaqişəsi və Cənubi Qafqazdakı vəziyyət olacaq.
Prezident bundan əvvəl iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransında çox qətiyyətli bəyənatlar verdi. Şolts və Paşinyanla keçirilən görüşlərdə sülh müqaviləsinin bağlanması üçün irəli sürdüyü fikirləri arqumentləşdirdi və əsaslandırdı. Bu da dünya liderləri tərəfindən qəbul olundu. Blinkenlə keçirilən görüşdə də Prezident bildirdi ki, Azərbaycan öz yolundan çəkilən deyil. Heç bir təhdidə və təzyiqə baxmayaraq, sülh müqaviləsini imzalamaq istəyir. Blinken də öz növbəsində dedi ki, sülh müqaviləsi mütləq bağlanmalıdır. Bu ərəfədə Türkiyə prezidentinin sərt bəyanatı oldu ki, Ermənistan başqa güclərə arxalanıb sülh müqaviləsinin imzalanmasını ləngitməsin. Türkiyədən əvvəl isə İran prezidenti bildirdi ki, Ermənistanın başqa ölkələrə qucaq açması onların təhlükəsizlik maraqlarına uyğun deyil. Bunların hamısı mühüm bəyanatlardı.
Hesab edirəm ki, İlham Əliyevlə Ərdoğan arasında keçiriləcək görüşün əsas qayəsi Cənubi Qafqaza dayanıqlı sülhün gətirilməsi olacaq. Burada iqtisadi məsələlər, Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya çatdırılması da geniş müzakirə ediləcək. Bu səfər dünya ictimaiyyətinin diqqətindədir. Aparıcı dünya KİV-ləri bu səfəri diqqətdə saxlayır və onun təqdimatına geniş yer ayırır”.