Nikol Paşinyan xalqa müraciəti zamanı Zəngəzur dəhlizi və Şərqi Zəngəzurla bağlı qeyri-ciddi bəyanatlar səsləndirib
Noyabr ayının əvvəlindən regionumuzda baş verən hadisələr bir neçə aspektdən yaddaqalan olmuşdur. Biz qələbə, Zəfər gününü qeyd edərkən qonşu Ermənistanda insanların qəbirstanlıqlara axın etməsi tarix boyu təxribatlarla məşğul olaraq yaşayan bu xalqın növbəti bədnam əmələ əl ataçağından xəbər verirdi. Daha sonra İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuranın ən ali mükafatı ilə təltif olunması və üzv olan dövlətlərin başçılarının Azərbaycanı şanlı Zəfər münasibəti ilə təbrik etməsi bölgəmizdə artıq işlərin heç də əvvəlki kimi cərəyan etməyəcəyinə işarədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin əksəriyyəti həm Müstqəil Dövlətlər Birliyinin, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Nəzərə alsaq ki, İkinci Qarabağ Müharibəsi ərəfəsində Ermənistan ən çox yardımı məhz bu təşkilatdan gözləyirdi, onda anlamaq çətin deyil ki, Azərbaycan necə ciddi uğurlara imza atmaqdadır.
Rusiya sülhməramlılarının bəzən Qarabağda özlərini səlahiyyətləri çərçivəsində davranmamaları, müxtəlif istiqamətli simvolların, heykəllərin qoyulması, ərazilərdə olan erməni terrorçu silahlı birləşmələrinin ərazidən çıxarılmaması, Laçın dəhlizindən keçən avtomobillərin istənilən səviyyədə yoxlanılmaması, Qarabağa humanitar yardım adı altında ictimaiyyətə məlum olmayan yüklərin daşınması bölgəmizdə hələ də münaqişə ocaqlarının aradan qalxmamasında maraqlı olan qüvvələrin olduğunu nümayiş etdirir. Eyni zamanda da Türk birliyinin yenidən aktivləşməsi, Türkiyə və Azərbaycanın öndərliyində böyük bir arealda yeni strateji maraqların ortaya qoyulması müəyyən qüvvələri narahat etməyə bilməz. Rusiya Federasiyasının prezidentinin mətbuat katibi, türkoloq Peskovun “Turanın mərkəzi Rusiyadadır, Altaydadır” eyhamının da təsadüfi olmadığını anlamaq çətin deyil. Bu həm də, erməni riyakarlığına Rusiya tərəfindən verilmiş cavab idi. Ermənilərin köməyə Rusiyanı çağırarkən siyasi həll üçün Avropaya ağız açması görünür Rusiyada birmənalı qarşılanmamaqdadır.
NATO üzvü kimi Türkiyənin hadisələrin mərkəzində yer alması, rus sülhməramlılarının bir çox səmimi olmayan hərəkətlərinin də çərçivə içərində olmasına səbəbdir. Həm İkinci Qarabağ Müharibəsi dövründə, həm də daha sonrasında Türkiyənin mənəvi-siyasi dəstəyi bizə qarşı olan dövlətlərin açıq müdaxiləsinin qarşısını aldı. Bu vacib məqamı Rusiyaya da şamil etmək olar. Lakin Rusiyanın hərbi əməliyyatlara neytral yanaşmasında Paşinyanın qərbyönümlü, saymazyana siyasətinin də payı az deyildir. Rusiya əmin idi ki, Azərbaycan şanlı Zəfərlə döyüş əməliyyatlarını başa vuracaq. Sonda isə Ermənistan Rusiyadan yardım istəmək məcburiyyətində qalacaqdır. Bu da Ermənistanın yenidən Rusiyanın for-postuna çevrilməsinə xidmət edəcəkdir. İndi Ermənistanda aktivləşən keçmiş Rusiyapərəst Qarabağ klanından olanların da ən tutarlı tezisi ondan ibarətdir ki, əgər biz yenidən Rusiyadan asılı olacaqdıqsa, niyə bu biabırcı məğlubiyyəti yaşamalı idik?!
NATO üzvü olan dövlətlərin başda ABŞ olmaqla indiki konfiqurasiyada Cənubi Qafqazda baş verən hadisələrə müdaxilə edə bilməməsi, qərbin yenidən Minsk qrupunu canlandırmaqdan başqa yolunun qalmadığını göstərir. Elə Ermənistanın siyasi hakimiyyətinin də haradasa məqsədi hansı yolla olursa olsun, qərbin prosesə cəlb olunmasına hesablanmışdır. Bu da təbiidir. Paşinyan hakimiyyətini yoxdan var edəndə qərb onun qarşısında ciddi tapşırıqlar qoymuşdur. Onlardan ən vacibi isə Gürcüstan modelində Rusiya təsirindən uzaq bir dövlət idarəetməsi ortaya qoymaq idi. Paşinyan 2018-2020-ci illər ərzində buna nail olurdu. Lakin Azərbaycan xalqının milli hissiyyatına toxunulması erməni şovinizmi ilə yanaşı regionda Rusiya əlehinə yaradılmış ittifaqı da dağıtdı. Əlbəttə, bizim məqsədimiz hansısa ittifaqın dağılmasına və yaxud da yaradılmasına dəstək vermək deyil idi. Biz öz milli maraqlarımızı qoruduq və bundan sonra da qorumağa davam edirik.
Sərhəddə baş verən son hadisələr nə Ermənistanın cəsarətinin, nə də hərbi qüvvəsinin ifadəsidir. Bu, müxtəlif hərbi-siyasi dairələrin regionda hələ də münaqişə ocağı varmış kimi bir təəssürat yaratmaq cəhdləridir. Azərbaycan və onun dostlarından başqa hamının işinə yarayan bu oyunu qüdrətli ordumuz növbəti dəfə pozdu. Rusiya Qarabağda özünün beş ildən daha çox qalmasını təmin etmək istərkən, qərb ATƏT-in Minsk qrupunu canlandırmağa və yenidən çözümsüzlüyə nail olmağa çalışır. Azərbaycanın mövqeyi isə aydın və qətidir! Sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanmalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsi imzalanmalıdır. Bütün digər beynəlxalq təşkilatların nümayəndələri kimi ATƏT-in Minsk qrupu da keçmiş qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması istiqamətində humanitar işlərlə məşğul ola bilərlər. Siyasi həll üçün isə hər iki tərəfin birbaşa görüşlərdə maraqlı olduğu nümayiş olundu.
Bəs Azərbaycan Brüssel görüşündən nə gözləyir? Avropa Birliyinin Prezidenti Şarl Mişelin regionda sülhyaratma təklifi nə qədər məhsuldar ola bilər? Brüssel görüşünə razılıq verilməsi əslində hansı mətləblərdən xəbər verir? Son günlər ölkə mətbuatını maraqlandıran əsas suallar bunlardır. Doğrudur bununla bağlı rəsmi açıqlama olmasa da regionu yaxşı tanıyanlar şübhə etmirlər ki, Brüssel görüşü alternativ bir siyasi müzakirə xəttinin açıq saxlanmasına xidmət edir. Brüsseldə görüş hələ keçirilməyib lakin hadisələr nəticələrin olduğunu deməyə əsas verir. 26 noyabr tarixində Soçidə görüşün dəqiqləşməsi Rusiyanın operativ məsələyə müdaxiləsindən və Ermənistana ciddi təyziqindən xəbər verir. Doğrudur, Nikol Paşinyanın öz Facebook hesabından xalqa müraciəti zamanı Zəngəzur dəhlizi və Şərqi Zəngəzurla bağlı sayıqlamalara yol verib. O, qeyri-ciddi bəyanatlar səsləndirib. Lakin dalan olduqlarını etiraf və regionda əməkdaşlığı dəstəklədiklərini açıq ifadə etməklə öz cəmiyyətini qarşıdan gələn Azərbaycanın xeyirinə olacaq növbəti ciddi dəyişikliklərə hazırladığını yəqin etmək olar.
Regionda Rusiyanın birbaşa iştirakı olmadan hər hansı ciddi həllin əldə oluna bilməyəcəyini ən yaxşı biz bilirik. Heç bizim bu formatı ciddi dəstələdiyimizi də düşünmürəm. Lakin sürətli və ədalətli həll üçün Rusiyanın özünə belə alternativlərin hər zaman əldə hazır saxlanmasının heç bir zərəri yoxdur. Azərbaycan 30 ilə yaxın sülh prosesinə ümidini itirmədən, səbrlə gözləmiş ölkədir. Gözləmə müddəti yalnız sülh prosesinə inamı özündə ehtiva etmirdi, həm də ermənipərəst qüvvələrin güya sülhə olan inamlarının əslində sabun köpüyü olması faktını bütün dünyaya sübut etməkdən ibarət idi. İndi də buna bənzər yeni bir mərhələyə qədəm qoyduğumuzu hesab edirəm. Azərbaycan bütün tərəflərin sülhyaratma prosesinə öz töhvəsini verməsinin və müzakirələrin aparılmasının tərəfdarıdır. Azərbaycan əmindir ki, sonda yenə məsələnin növbəti mərhələsini də özü həll etməlidir və edəcəkdir. Bunun üçün ölkə inkişafın hər tərəfli təmin olunması davam etməkdədir. Prezident cənab İlham Əliyevin vaxtaşırı dəmir yumruğu xatırlatması da məhz bununla bağlıdır.
Brüssel görüşünə verilmiş razılıq eyni zamanda da prosesin həllində iştirak edən aktual iştirakçıların məsələyə daha ciddi yanaşması üçün də işarə kimi başa düşülməlidir. Regionda yaradılmış yeni reallıq əməkdaşlıqda bütün tərəflərin iştirakını vacib amil kimi irəli sürməkdədir. Azərbaycan milli və dövlət maraqları kontekstində bütün tərəflərlə əməkdaşlıq etmək arzusunda olduğunu bir daha Brüsseldəki görüşdə iştiraka razılıq verməklə nümayiş etdirmiş oldu.
Ümumi ictimai rəy ondan ibarətdir ki, Brüssel görüşü ciddi heç nə vəd etmir. Mən hesab edirəm ki, hər görüş sülhyaratma istiqamətində bir addımdır. Münaqişənin aradan qaldırılması üçün gələcəkdə birbaşa görüşlərin keçirilməsinin, rabitənin qurulmasının böyük əhəmiyyəti vardır. Azərbaycanla İran arasında anlaşılmazlığın aradan qaldırılmasını və Ermənistanın Türkiyə ilə münasibətləri qurmaq arzusunu da nəzərə alaraq deyə bilərik ki, regionun gələcək inkişafında müsbət yeniliklər gözlənilir.
Ənvər Haqverdiyev
YAP Suraxanı rayon təşkilatının
Ərazi partiya təşkilatının sədri