Qubadlının azadlığı – Zəfər tariximizin şanlı səhifəsi

Qubadlının azadlığı – Zəfər tariximizin şanlı səhifəsi

Yeganə Maqsudova

YAP Suraxanı rayon təşkilatının sədr müavini

 Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Qubadlının azad edilməsi Ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur .Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 5-ci ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən diplomatik addımları və xalqla ordunun birliyi Qubadlı zəfərinin əsas dayaqları oldu.

Qubadlının azad edilməsi Ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı, Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu və Laçının cənub hissəsində yerləşən ərazilərimizi də azad etdik. Beləliklə də, Laçın dəhlizi bizim nəzarətimizə keçdi və bu, müharibənin taleyinin həll edilməsi demək idi.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu gün isə Qubadlıda böyük miqyaslı bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Yaxın vaxtlarda Qubadlı Azərbaycanın inkişaf etmiş, turistləri özünə cəlb edən bir diyara cevriləcək.

Qubadlının tam azad olunması və bərpası Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində atılmış mühüm addımlardan biridir. Bu qələbə Azərbaycan xalqının həmrəyliyi, ordusunun gücü və dövlətin qətiyyətli siyasətinin təzahürüdür.

Qubadlı rayonunun işğaldan azad edilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu hadisə həm milli birlik və qürur simvoludur, həm də gələcək nəsillərə vətən sevgisinin, qəhrəmanlığın ən parlaq nümunəsini göstərir. Bu gün biz əminliklə deyirik: Qubadlı azaddır, Qubadlı yenidən dirçəlir, Qubadlı Azərbaycanındır!