Güllü Yoloğlu
Tarix elmləri doktoru
Kökü Asparux Xanla sıx bağlı olan bolqarların türk qarışığı onların istər Türkiyə, istərsə də Azərbaycanla münasibətlərinə bu və ya digər şəkildə təsir göstərir. 1960-cı illərdə Bolqarıstanda baş verən hadisələr yüzlərlə, minlərlə Bolqarıstan türkünün Türkiyəyə köçməsinə səbəb oldu. Bununla belə bu gün bu ölkədə qaqauzlar, eləcə də Osmanlıdan qalma türklər yaşamaqdadır. Bolqar dilindəki türk sözlərinin çoxluğu, adət-ənənələrindəki oxşarlıq onların həqiqətən türk atalarından xəbər verir. Bütün bunlar daim Bolqarıstanı biz türklər üçün də maraqlı tədqiqat obyektinə çevirmişdir.
Təbii ki, tarixi hadisələrin davam etdiyi müasir dövrümüzdə də ölkələrimiz arasında hərtərəfli əlaqələrin mövcud olması sayəsində Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstanda Azərbaycan Səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır.
Elə diplomatik əlaqələrin yarandığı ilk illərdən başlayaraq, demək olar ki, hər il çeşidli müqavilə və sazişlər imzalanmış, müxtəlif səviyyələrdə qarşılıqlı ziyarətlər intensiv xarakter almışdır. Belə səfərlərdən biri də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri olmuşdur. Səfər zamanı dövlətimizin başçısı öz çıxışında bu gün Bolqarıstan və Azərbaycanın iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədə olduqlarını, ölkələrimiz arasındakı siyasi əlaqələrin davamlı olaraq inkişaf etdiyini qeyd etmişdir. O, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə haqqında danışarkən onun əlaqələrimizi yüksək səviyyəyə qaldırdığını və təsbit edilmiş bütün məsələlərin həyatda öz əksini tapdığını vurğulamışdır.
Bu gün dünyanı sarsıdan Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi daha mühüm əhəmiyyət kəsb edir. Etibarlı tərəfdaş olan Azərbaycan bundan sonra da Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcmini artıracaq. Bu baxımdan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.
Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyası yeni əməkdaşlığa yol açır. Ən qısa müddətdə Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaq. Bu da dolayısı ilə bolqarların Azərbaycanın haqq davasına dəstək vermələrinin göstəricisidir.