Bizim müharibəmiz azadlıq müharibəsi idi
Gülnarə Xankişili
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
Prezident Cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr tarixi "Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü" kimi təsis olunmuş və təqvim tariximizə ən əlamətdar günlərdən biri kimi həkk olunmuşdur. Təbii ki, bu əlamətdar günün təsis olunması mühüm tarixi hadisə ilə əlaqədardır.
Düz bir il bundan əvvəl rəşadətli Azərbaycan Ordusu bir gündən az müddətdə davam edən antiterror əməliyyatı zamanı öz gücünü nümayiş etdirərək nəyə qadir olduğunu bir daha sübut etdi. Qarabağ Zəfərinin davamı hesab olunan antiterror tədbirləri nəticəsində seperatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı. Əlbəttə, bir-birinin ardınca əldə edilən bu zəfərlərə görə biz "Dəmir yumruq"a , qəhrəman hərbçilərimizə borcluyuq. Bu mənada Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini hər zaman qəlbimizdə yaşadırıq və yaşadacağıq.
Şahidi olduğumuz kimi, 44 gün ərzində müzəffər Ordumuz hər an irəliləyir, hər gün yaşayış məntəqələri işğaldan azad edilirdi. Müharibə ərzində heç vaxt geriyə addım atmamış, bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Bütün bunlar xalqımızın yüksək mənəvi keyfiyyətlərini, onların bir amalla yaşadığını, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunduğunun göstəricisidir. Deyə bilərik ki, mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzdür və qürurverici haldır ki, dünya hərb tarixi hələ belə bir hərbi əməliyyatların şahidi olmamışdır.
Bütün böyük güclər bu işğalı əbədi etmək, bizi məğlubiyyətlə barışdırmaq istəyirdilər. Halbuki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. İlham Əliyevin təbirincə desək, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Hal-hazırda dünyanın bir çox yerində hərbi münaqişələr, toqquşmalar davam edir.
Bu gün ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bizim müharibəmiz azadlıq müharibəsi idi. Zəfərə gedən yol birlik, qələbəyə inam və vətənpərvərlik ruhunda yetişən nəslin mübarizə əzmindən keçir. Gələcək nəsil də bu yolla getməli, milli ruhda tərbiyə almalı, mənəvi dəyərlərimizə sadiq olmalıdır. Bu mənada Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Məlumdur ki, Qarabağ dövlətçilik tariximizə görkəmli mütəfəkkirləri, ədibləri ilə mühüm töhfələr verib. Bu baxımdan Qarabağ Universitetinin yaradılması ilə bu ənənələrimiz bərpa ediləcək, məhvə məhkum edilmiş irsimiz yenidən çiçəklənəcək.
XX əsrin sonlarından etibarən tarix səhnəmizdə atılan hər bir addım əvvəlki addımın məntiqi davamı olmuşdur. Əgər 1993-cü ildə Ulu Öndər xalqın tələbi ilə Azərbaycana gəlməsəydi, ümumiyyətlə, Azərbaycan dünya xəritəsindən silinə bilərdi. Sonrakı illərdə yaradılan sabitlik, həyata keçirilən quruculuq işləri bugünkü suverenliyimizin təməl daşları oldu. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi isə 8 Noyabr - Zəfər Günümüz, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz önündədir. Gələcəkdə də öz gücünə güvənmək, güclü dövlət stereotipini qorumaq, heç kimdən asılı olmamaq kimi hədəflərimiz var. Əlbəttə ki, bu hədəfləri təmin edən sarsılmaz dövlət siyasətimiz və mübariz xalqımız da var.