Biz ədalətli müharibə aparmışıq,biz torpağımızda vuruşmuşuq
Azərbaycanda ilk dəfədir ki, 26 Avqust Laçın Şəhəri Günü qeyd olunur. 26 avqust – azad, abad Laçının Şəhər Günüdür, qürur günüdür. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter səhifəsində elan edib.
Laçınlıların 31 ildən sonra öz doğma kəndlərinə geri qayıtması, məğrur Laçınımızın işğaldan azad olunması tarixi hadisədir. Laçınlıların simasında bu böyük xoşbəxtliyi görmək hər birimizi qürurlandırır. Bu xoşbəxtliyi bizə bəxş edən bizim Ali Baş Komandan Cənab İlham Əliyev və müzəffər Silahlı Qüvvələrimizdir. Torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Qazilərimizə isə Allahdan şəfa diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün Laçınlılar öz doğma torpaqlarındadır. Bundan böyük xoşbəxtlik ola bilməz.
Qalib sərkərdə cənab İlham Əliyevin Laçın rayonuna səfəri çərçivəsində şəhərlə tanışlığı, mərkəzi meydanda üçrəngli bayrağı dalğalandırmağı hamını sevindirdi. Sanki biz də arxadakı Laçın dağına qalxır, dalğalandıqca biz də Laçın quşu kimi səmada süzürdük. Cənab Prezident “Bu bayraq burada əbədi dalğalanacaq!” deyəndə, bir daha əmin olduq ki, bu dağ da, səma da, şəhər də əbədi bizimdir. Biz buranın daimi sakinləriyik. Erməni tör-töküntülərinin Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qovulduqdan sonra cənab Prezidentin ora səfəri həm də bütün dünyaya kəskin bir mesajdır. Bu bir daha göstərir ki, Zabux da, Laçın da, Qarabağ da Azərbaycandır!