Belarus və Azərbaycan xalqları arasında dərin hörmət və münasibətlər var

Belarus və Azərbaycan xalqları arasında dərin hörmət və münasibətlər var

Təranə Rüstəmzadə

YAP Suraxanı rayon təşkilatının üzvü

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi

2024-cü ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. İmzalanmış Azərbaycan-Belarus sənədlərinə daxil olan məsələlər kifayət qədər konkret xarakter daşıyır.

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında, bitki karantini və mühafizəsi,baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair ,turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu, Bakı şəhəri ilə Minsk şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair və Gəncə şəhəri ilə Qomel şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu bu danışıqda öz əksini tapan məsələlər idi.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ilə əlaqədar qeyd etdiyi xüsusi məqamlar var idi. O öz çıxışında bildirirdi ki, “Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. Əlbəttə ki, torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Belarus və Azərbaycan xalqları arasında dərin hörmət və münasibətlər var. Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”

Həmçinin onu da vurğulayıb ki, Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir. Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata çıxışını bu sözlərlə yekunlaşdırıb ki, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Amma Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi çox vacibdir. Ona görə də biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı.