Bakı və Tbilisinin ortaq iradəsi...
Günel Məmmədova
Suraxanı Sağlamlıq Mərkəzinin baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan və Gürcüstan təkcə bəyanatlarla deyil, beynəlxalq hüquqi sənədlərin qəbulu zamanı da vahid cəbhədən çıxış edirlər. Bu həmrəyliyin ən bariz nümunələri BMT müstəvisində özünü göstərir. 2008-ci ildən bəri Gürcüstan tərəfindən BMT Baş Assambleyasına təqdim olunan "Gürcüstanın Abxaziya və Sxinvalli bölgəsindən (Cənubi Osetiya) olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında" qətnaməni Azərbaycan hər il qətiyyətlə dəstəkləyir. Bu sənəd insanların öz doğma yurdlarına təhlükəsiz qayıtmaq hüququnu təsdiqləyir və Azərbaycanın bu məsələdə Gürcüstanın yanında olduğunu nümayiş etdirir.
2 aprel 2026-cı il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə təqdim olunan "Şəffaf, hesabatlı və səmərəli dövlət xidmətləri vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamənin əsas həmmüəlliflərindən biri məhz Gürcüstan olmuşdur. Hər iki dövlət beynəlxalq təşkilatlarda "separatizmin bütün forma və təzahürlərinin pislənilməsi" və "dövlət sərhədlərinin toxunulmazlığı" prinsiplərini eyni ardıcıllıqla müdafiə edirlər. Azərbaycanın "ASAN xidmət" brendinin qlobal miqyasda yayılması və BMT mükafatlarına layiq görülməsində Gürcüstanın dəstəyi, eləcə də Gürcüstanın beynəlxalq tranzit təşəbbüslərində Azərbaycanın aktiv iştirakı bu əməkdaşlığın praktiki nəticələridir. Bu qarşılıqlı dəstək mexanizmi iki ölkəyə imkan verir ki, qlobal siyasi arenada Cənubi Qafqazın maraqlarını daha güclü şəkildə təmsil etsinlər və xarici siyasi təzyiqlərə qarşı birgə müqavimət göstərsinlər.
Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərən son mühüm hadisə 6 aprel 2026-cı il tarixində Prezident İlham Əliyevin Gürcüstana reallaşdırdığı işgüzar səfərdir. Bu səfər regionun siyasi və iqtisadi mənzərəsini müəyyən edən bir sıra taleyüklü məqamlarla yadda qalıb: Səfər çərçivəsində Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirmişdir. Bu görüşlər hər iki ölkənin yeni siyasi dövrdə də sarsılmaz müttəfiq olduqlarını dünyaya nümayiş etdirmişdir.Görüşlər zamanı Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq regionuna çevrilməsi üçün Bakı və Tbilisinin ortaq iradəsi bir daha bəyan edilmişdir.Liderlər "Orta Dəhliz" layihəsinin inkişafı, yükdaşımaların həcminin artırılması və rəqəmsallaşma sahəsində yeni hədəfləri müəyyən etmişlər.
Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi: "Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik və bu dəstək bizim gücümüzü artırır.Səfər zamanı dövlət başçısı Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini və Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların memorialını ziyarət etmişdir ki, bu da iki xalqın bir-birinin müqəddəs dəyərlərinə olan hörmətinin simvoludur.
Nəticə etibarilə, 6 aprel səfəri Azərbaycan-Gürcüstan qardaşlığının sadəcə enerji və nəqliyyat layihələri ilə məhdudlaşmadığını, həm də dərin etimada söykənən sarsılmaz bir ittifaq olduğunu bir daha sübut etdi.