“Bakı prosesi” mədəniyyətlərarası dialoq platformasında altıncı dəfə dünya ölkələrini bir araya gətirib
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru
Mədəniyyət ən uğurlu dildir. Bu dillə insanlar bir-birini anlayır. Qeyd edək ki, mədəniyyətlərin qovuşması olduqca böyük bəhrə verir. Xalqlar dostlaşır, mədəniyyətlər bir-birini inkar etmir. Azərbaycanda isə mədəniyyətlərarası dialoq hər zaman mövcud olmuşdur. Biz bilirik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun multikulturalizmə təsiri əvəzsizdir.
Dünya ölkələrinə nəzər yetirərkən görürük ki, mədəni müxtəlifliklərin fərqində olan, bu fərqliliklərə hörmət göstərən və mədəni müxtəlifliyi qarşılıqlı anlaşma yolu ilə üstünlüyə çevirə bilən ölkələr daha çox müvəffəqiyyət əldə edir. Multikultural cəmiyyətlərdə rəvan inkişaf halları yaşanır və dövlətin beynəlxalq aləmdə təhlükəsizliyi yüksək səviyyədə təmin edilə bilir.
Son zamanlarda dünyada digərlərinə qarşı dözümsüzlükdən qaynaqlanan qaynar nöqtələr formalaşmağa başlamışdır. Müharibələr, toqquşmalar üçün zəmin formalaşır, milli, dini zəmində qarşıdurmalar yaşanır. Bu problemlərin kökündə isə eyni məxrəcə gələrək dialoq qura bilməmək, bir sözlə “dialoqsuzluq” dayanır.
2024-cü il mayın birində baş tutan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 100- dən çox ölkənin təmsilçilərini bir araya gətirmişdir.
Dünyamız 2024-cü ildə daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı kimi də parçalanmış şəkildə özünü göstərir. Bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, bu parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir bir fürsətimiz vardır. Bu “Bakı prosesi”nin özəyidir.
Belə ki, “Bakı prosesi” mədəniyyətlərarası dialoq platformasında altıncı dəfə dünya ölkələrini bir araya gətirib. Forumun açılış tədbirinin moderatoru, ABŞ-nin Corc Meyson Universitetinin professoru Alpaslan Özerdemin vurğuladığı kimi, 2008-ci ildə Prezident İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi” təşəbbüsü sərhədləri aşan və dünyada parçalanmanı aradan qaldırmaq məramı daşıyan uzaqgörən bir addım idi. Bu proses indi dünənkindən daha da aktualdır. Azərbaycan lideri açılış tədbirindəki çıxışda da bunu diqqətlə çatdırıb. Burada bir çox məsələlərə diqqət yetirilmişdir.
Biz bilirik ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir məkan olmuşdur. Və Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq mövcud olmuşdur. O bizim ölkədə güclü şəkildə özünü göstərir.
Forum çərçivəsində aparılan müzakirələrin rolundan danışan Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini, eləcə də noyabrda Bakıda keçiriləcək COP29-un önəminə diqqət çəkib.
COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək.
Qeyd edək ki, Azərbaycan Hökumətinin təşkilatçılığı, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və İSESKO-nun tərəfdaşlığı ilə keçirilən, 100-dən çox ölkəni təmsil edən 700 qonağın qatıldığı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçgünlük proqramına 4 plenar sessiya və 12 panel daxildir.
Forum iştirakçılarının eyni zamanda Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacağı qeyd edilib. Bu isə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.