“Milli Qurtuluşumuz Gələcək Nəsillərə Əmanətdir” adlı tədbir keçirilib

“Milli Qurtuluşumuz Gələcək Nəsillərə Əmanətdir” adlı tədbir keçirilib

11 iyun 2025-ci ildə Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbdə “Milli Qurtuluşumuz Gələcək Nəsillərə Əmanətdir” adlı dəyirmi masa keçirilmişdir. Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masanı giriş sözü ilə açan Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru,  YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Namiq İbadov geniş nitq ilə çıxış etmişdir. Namiq İbadov bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik.

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova xüsusi vurğulamışdır ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Şagirdlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu şüurlarda, qəlblərdə formalaşdırdı. Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə bir öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.