Bakı ilə Tehranın münasibətlərində yeni mərhələ başlayır

İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri Bakı ilə Tehran arasındakı münasibətlərdə qarşılıqlı etimadın, dostluq və mehriban qonşuluq əlaqələrinin yenidən gücləndirilməsi baxımından yeni mərhələnin başlanğacı ola bilər. Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında keçirilən görüşlərlə bağlı yayılan məlumatlar, liderlərin bir-birinə “əziz qardaşım” deyə müraciət etməsi də Azərbaycan İran arasında münasibətlərin yeni mərhələsinin başlandığını göstərir. Bütün bunlar isə gözlənilən idi.
Bir neçə həftə öncə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumunda çıxışı zamanı Prezident İlham Əliyev İranda son seçkilkərdə baş verən proseslərin Bakını məmnun etdiyini bəyan etmişdi.
Dövlətlərarası münasibətlərdə liderlərin rolunun böyük əhəmiyyət kəsb etdiyini nəzərə alanda prezidentlərin bir-birinə “əziz qardaşım” deyərək müraciət etməsi də İranla Azərbaycan arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir. Bu cür mehriban münasibətlər yalnız siyasi baxımdan deyil, həm də mədəni və sosial münasibətlər baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident Məsud Pezeşkianın Bakıya səfəri iki ölkə arasında əlaqələri möhkəmləndirməklə yanaşı bölgədə sülh və sabitlik üçün əhəmiyyətli təsiri olacağı gözlənilir. Prezident Məsud Pezeşkianın Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olduğunu, İranın buna hörmətlə yanaşdığını bəyan etməsi Cənubi Qafqazda sülh və sabitliyə yardım edəcək.
Prezident Məsud Pezeşkianın səfəri zamanı Azərbaycan ilə İran arasında imzalanmış sənədlər də Bakı ilə Tehranın münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Birgə Bəyanatı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramının imzalanması da münasibətlərdə yeni mərhələnin başlandığını göstərir.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin təməli İran İslam Respublikasının 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıması ilə başlamışdır. İki ölkə arasında 12 mart 1992-ci ildə diplomatik əlaqələrin yaranması, hər iki ölkənin səfirliklərin fəaliyyətə başlamaıs ilə güclənmişdir. İranın Naxçıvan şəhərində Baş Konsulluğu, Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu fəaliyyəti iki dövlət arasında münasibətlərin inkişafına təkan verir.
Prezident Məsud Pezeşkianın Bakıya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumun imzalanması Azərbaycan və İran arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq. Bu, həmçinin, Qafqaz və Orta Asiya bölgələrindən Avropa və digər bazarlara daşınan malların daha sürətli və daha ucuz şəkildə çatdırılmasına imkan verəcək. Nəticədə, həm Azərbaycanın iqtisadiyyatı, həm də regionun ümumi inkişafı üçün mühüm addım olacaq. İranla Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin inkişafını təmin edir. Bu əməkdaşlıq, neft və qaz hasilatı, enerji daşınması və yeni enerji layihələrinin birgə həyata keçirilməsi kimi sahələri əhatə edir. Xəzər dənizinin enerji resursları Azərbaycan və İran üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlıq həm regional sabitliyi gücləndirəcək, həm də enerji təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli addım olacaq.
İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal səviyyədə mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), D8 Qrupunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) kimi beynəlxalq platformalarda iştirak edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramının imzalanması bütün bu beynəlxalq və regional təşkilatlarda Azərbaycan və İranın qarşılıqlı siyasi və iqtisadi maraqlarını daha yaxşı müdafiə etməyə imkan verəcək.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-İran münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin dəvəti ilə gerçəkləşən İran Prezidentinin Azərbaycana səfəri Bakı ilə Tehran arasında müansibətləri yeni mərhələyə keçirməklə yanaşı, iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə əməkdaşlığın yeni səhifəsini açmağa imkan verəcəkdir.