"Bahar Enerji" əməliyyat şirkətində YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının seçki iclası keçirilmişdir
4 fevral 2026-cı il tarixdə YAP Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi Qum adası (Bahar Enerji" Əməliyyat Şirkəti) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidovun və sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
İclasın sədri Əhmədiyyə Musayev görüşü açıq elan edərək qonaqları salamladıqdan sonra ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında geniş məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin dəstəyini xüsusi vurğulamışdır.
Daha sonra Bahar Enerji" Əməliyyat Şirkətinin prezidenti Anar Əliyev çıxış edərək neft sənayesinin ölkə iqtisadiyyatında roluna toxunaraq demişdir ki, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə biz neft kapitalını uğurla insan kapitalına çevirə bilmişik. Yeni Azərbaycan Partiyasının fəaliyyətinə gəlincə, Anar Əliyev bildirdi ki, çox sevindirici haldır ki, iqtidar partiyasını təmsil edən fədakar neftçilərimiz iş sahəsində peşəkar olmaqları ilə yanaşı, ölkənin ictimai həyatında fəal iştirak edirlər.
İclasın sədri Əhmədiyyə Musayev bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədri və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı və namizədlərin irəli sürülməsi üçün təkliflərin verilməsini xahiş etdi.
YAP üzvü Yasəmən Quliyevanın təklifi ilə ƏPT-nin sədrliyinə Əliyev Orxan Firdovsi oğlunun namizədliyi irəli sürülmüşdür. ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Əliyev Orxan Firdovsi oğlu yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədri Orxan Əliyev ƏPT-nin sədr müavini vəzifəsinə Fərrux Əliyevin namizədliyini irəli sürmüşdür. ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Fərrux Əliyev yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədri və sədr müavini çıxış edərək onlara etimad göstərib seçən bütün üzvlərə öz dərin minnətdarlıqlarını ifadə etmişlər. Əminliklə bildirmişlər ki, YAP dövlətimizin əldə etdiyi böyük uğurların ictimai əsasıdır.
Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulamış, Zığ qəsəbəsi Qum adası ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkilinin qənaətbəxş olduğunu, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, üzvlərin uçotunun operativliyi və dəqiqliyinin diqqət mərkəzində saxlanılmasını vurğulamışdır. Yerli təşkilatın sədri qeyd etmişdir ki, müstəqilliyin və suverenliyin iqtisadi əsaslarının formalaşmasında neft sənayesi işçilərinin rolu müstəsnadır. Vüqar Seyidov onu da vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyuldu. Ümummilli Liderin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin böyük xidmətləri olub. Vüqar Seyidov onu da bildirmişdir ki, bugün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli sərvətlərimiz milli maraqlarımızın qorunmasına xidmət edir.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.