Azərbaycanın praqmatik siyasəti beynəlxalq əməkdaşlıq üçün etibarlı zəmin yaradır
Leyla Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 317 nömrəli tam orta ümumtəhsil məktəbininn direktoru
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə keçirdiyi görüş zamanı verdiyi bəyanat Azərbaycanın həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasətin uğurlarını bir daha nümayiş etdirdi. Son illərdə ölkəmiz müxtəlif istiqamətlərdə balanslaşdırılmış siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Avropa Komissiyası ilə münasibətlərdə müşahidə olunan yeni dinamika da məhz bu siyasətin uğurlu nəticələrindən biridir.
Azərbaycan bu gün təkcə enerji resursları ilə deyil, həm də nəqliyyat imkanları, iqtisadi potensialı və regional təşəbbüsləri ilə beynəlxalq əməkdaşlığa mühüm töhfə verir. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, Avropa İttifaqı ilə münasibətlər qarşılıqlı maraqlara əsaslanır və hər iki tərəf bu əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu isə tərəfdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir.
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaq yalnız iqtisadi imkanlarla ölçülmür. Dövlətlərin siyasi sabitliyi, öhdəliklərinə sadiqliyi və beynəlxalq hüquqa hörmətlə yanaşması da əsas amillər sırasındadır. Azərbaycan bütün bu prinsiplərə sadiq qalaraq beynəlxalq layihələrdə üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirib. Bu amil ölkəmizin nüfuzunu artırmaqla yanaşı, yeni tərəfdaşlıq imkanlarının da yaranmasına şərait yaradıb.
Prezident İlham Əliyevin bəyanatında enerji, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik məsələlərinin eyni platformada müzakirə olunması təsdiq edir ki, Azərbaycan artıq yalnız ayrı-ayrı layihələrin iştirakçısı deyil, bütövlükdə regionun inkişafına təsir göstərən əsas aktorlardan biridir. Bu mövqe ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Azərbaycanın həyata keçirdiyi siyasətin mühüm nəticələrindən biri də müxtəlif maraqlara malik dövlətlər arasında etibarlı əməkdaşlıq körpüsü rolunu oynamasıdır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ölkə kimi Azərbaycan dialoq və qarşılıqlı fayda prinsipini ön plana çıxarır. Bu yanaşma həm regional sabitliyə, həm də beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti qısamüddətli deyil, uzunmüddətli strateji məqsədlərə hesablanıb. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan bu siyasət ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir və Azərbaycanı qlobal proseslərin etibarlı iştirakçılarından biri kimi ön plana çıxarır. Bu amillər isə Avropa Komissiyası ilə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əsas verir.