Azərbaycanın irəli sürdüyü sülh gündəliyi digər münaqişələr üçün unikal model rolunu oynaya bilər

Azərbaycanın irəli sürdüyü sülh gündəliyi digər münaqişələr üçün unikal model rolunu oynaya bilər

Tünzalə Kərimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məsul əməkdaşı

Prezident cənab İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışı zamanı Avropadan olan dövlət və hökümət başçılarına, eləcə də beynəlxalq təşkilatlara ədalətsiz, ikili standartlarla zəngin mövqelərinə açıq etirazını bildirdi. Prezidentin ədalətli və milli maraqlara xidmət edən fikirləri bütün Avropada əks-səda yarada bilmişdir.

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu qərəzli qətnamələrin ən sonuncusu bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edilib: "Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib". Bu nümunələrin özü də göstərir ki, Cənubi Qafqazın daim münaqişə ocağı olaraq qalmasında maraqlı olan AP kimi ikilistandartlı qurumlar hələ də Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri zamanı əldə etdiyi qələbələri həzm edə bilmirlər. 

Onların qərəzli qətnamələri və manipulyasiyaları bölgədə sülhün bərqərar olunmasına maneçilik törədən xarici qüvvələrin əlində alətə çevrilir. Buna cavab olaraq Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələri dayandırması rəsmi Bakının milli maraqlarını və suverenliyini hər şeydən üstün tutduğunun göstəricisidir. Eyni zamanda postmünaqişə dövründə bölgədə normallaşmaya nail olmaq üçün ölkəmizin atdığı real addımlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bariz şəkildə ortaya qoyur.

Azərbaycanın irəli sürdüyü sülh gündəliyi bu gün dünyada mövcud olan digər münaqişələr üçün unikal model rolunu oynaya bilər. Bu model göstərir ki, sülhə yalnız siyasi iradə, qarşılıqlı iqtisadi maraqlar və humanitar dəyərlərin harmoniyası ilə çatmaq olar.

Prezident İlham Əliyevin 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifi və onun Ermənistan tərəfindən də dəstəklənməsi Cənubi Qafqazın gələcəyinin sülhdə olduğunun ən aydın mesajıdır. Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28  min ton yük çatdırılıb. Göründüyü kimi, maneə olmaq istəyən bütün qüvvələrə baxmayaraq, Azərbaycan öz sülh missiyasını uğurla davam etdirir.