Azərbaycanın enerji təhlükəsizliyi təmin olunur

Azərbaycanın enerji təhlükəsizliyi təmin olunur
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədir
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
“Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”.
Bu taleyüklü sözləri Ölkə başçısı cənab İlham Əliyev fevralın 13-də Azərbaycanın ev sahibliyi etdiyi, Bakıdakı "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında səsləndirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxışında bildirib ki, “Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır”.
Bu gün hər bir azərbaycanlı böyük fəxr və qürur hissi ilə deyə bilər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu, mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı olan ölkə kimi tanınır. Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
“Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya inşa edilmişdir, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni, biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır”. Ölkə başçısının təməlqoyma mərasimində səsləndirdiyi bu fikirlər bir daha göstərir ki, Azərbaycanın iqtisadi gücü bütün sahələrdə artmaqda davam edir və artan bu güc sayəsində ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirir, beynəlxalq nüfuzunu artırır.
Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması, dövlət başçımızın söylədiyi kimi, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artırmağa imkan verəcəkdir.
Mərasimdəki çıxışında ölkə başçısı qeyd edib ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olub: “Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb”. Hazırda Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Qeyd edək ki, yeni elektrik stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq və burada yüzlərlə yeni iş yerlərinin açılmasına imkan verəcək. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq və bu, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilməsinə imkan verəcəkdir. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Xatırladaq ki, qısa müddət ərzində stansiyadakı 8 blok tam şəkildə yenidən qurularaq istifadəyə verilib. 2020-ci ildə stansiya artıq 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilib və bu da öz növbəsində yeni bir böyük stansiyanın tikintisi deməkdir. Qeyd olunmalıdır ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır. Tikinti işləri zamanı ödəniləcək vəsaitin 60 faizi "Azərenerji"nin öz vəsaiti hesabına təmin ediləcək, qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcəkdir.
Qeyd edilməlidir ki, "Azərenerji" ilə İtaliyanın "Ansaldo" şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır və "Azərenerji" ilə "Ansaldo" arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri gedir və bu işlərdə də "Ansaldo" və "Azərenerji" tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Ölkə başçısının bildirdiyi kimi, strateji məna daşıyan İtaliya-Azərbaycan əlaqələrini daha da genişləndirməyə çalışırıq. Hazırda Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır və onun 3400 meqavatı son 20 ildə yaradılıb. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.
Bəli, Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Əminik ki, təməli qoyulan bu stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.