Nuranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini
Slovakiya Respublikasının Baş Naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı diplomatik və strateji əlaqələrin möhkəmləndirilməsində yeni bir mərhələyə keçid edildiyini göstərir. Səfər çərçivəsində iki ölkə arasında imzalanan "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" bu əlaqələri daha da dərinləşdirəcək və gələcək əməkdaşlığın perspektivlərini müəyyən edəcək siyasi bir sənəddir.
Bu səfərin diqqət çəkən məqamlarından biri də müdafiə və müdafiə sənayesi sahələrinə dair imzalanan sənədlərdir. Bu sahədə geniş fikir mübadiləsi aparılmış və birgə istehsal sahələrinin yaradılması üçün konkret danışıqlar başlamışdır. Bu, hər iki ölkənin təhlükəsizlik və müdafiə strategiyalarında mühüm bir addımdır. Azərbaycanın təbii qazını ixrac etdiyi ölkələr sırasına Slovakiyanın da daxil olma ehtimalı var. Azərbaycanın qaz hasilatındakı artım və yeni yataqların kəşf edilməsi, Avropa bazarlarına daha çox qaz nəql etmək imkanını yaradır. 2027-ci ilə qədər Avropa İttifaqı məkanına 20 milyard kubmetr qaz nəql etmək planlaşdırılır ki, bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edəcək.
Azərbaycanın azad edilmiş torpaqlarında Slovakiya şirkətinin fəaliyyəti də əməkdaşlığın əhəmiyyətini göstərir. Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra edilməsi, iki ölkə arasındakı səmimi əlaqələrin dərəcəsini və müsbət inkişafını ortaya qoyur.
Son olaraq, Azərbaycan və Slovakiya, hər ikisi suverenlik və ləyaqət əsasında müstəqil siyasətlərini aparan ölkələrdir. Bu səfər və imzalanan sənədlər, iki ölkə arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinin və genişlənməsinin bir göstəricisidir. Diplomatik münasibətlərin qurulmasından bu yana keçən müddətdə ikitərəfli əlaqələr müxtəlif sahələrdə inkişaf etdirilib və bu səfər əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar açır.