Azərbaycan xalqının milli ideologiyasının formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır
Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Ulu öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Azərbaycanın tarixi və siyasi taleyi, sosial-iqtisadi və mədəni sahədə baş vermiş bütün dirçəlişlər Ümummilli Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan və Azərbaycançılıq uğurunda çalışıb, mübarizə aparıb və qalib gəlib.
1969-cu ildən sonra Azərbaycan yüksək inkişaf etmiş sənaye ölkəsi, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevrildi. Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək, bugünkü müstəqilliyimizin təməlini qoyub.
1990-cı il 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün çox böyük itkilərə səbəb olmuşdur. Lakin bütün bu hadisələr xalqımızın gücünü və iradəsini qıra bilməmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər heç kim20 yanvar hadisələrinə qiymət verə bilmirdilər. Buna səbəb onların xarici dövlətlərin göstərişi ilə oturub-durmaqlarıdır.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu hadisəyə siyasi qiymət verildi. Cinayətkarın adı, ünvanı dəqiqləşdirildi. Hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Xalq öz öndərinə dərin rəğbət bəsləyirdi. Xalqın yaddaşında qurucu və xilaskar bir xadim kimi qalmışdır. Məhz 15 iyun Azərbaycan xalqı üçün ən önəmli və əhəmiyyətli günlərdən biri Qurtuluş Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır.
Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlandı. Ölkənin iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi - aqrar islahatlar aparıldı, eyni zamanda özəlləşdirməyə başlanıldı. Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək, maliyyə sistemini yenidən qurmaq sahəsində ciddi addımlar atıldı.
Azərbaycan xalqının milli ideologiyasının formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində ulu öndər Heydər Əliyevin əməyi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdı. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Onun bu arzusunu Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Artıq Azərbaycan qalib xalqdır.
Heydər Əliyev hərzaman Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar bir xadim kimi qalacaqdır!
Xalq öz öndərini heçvaxt unutmayacaqdır!