Nəzakət Rəhimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev də dövlətlərarası münasibətlərə, qarşılıqlı tərəfkeşliyə mühüm önəm verir. Qarşılıqlı fəaliyyətin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub yaratmış xalqların iradəsi dayanır. Dövlətlərarası münasibətlər çərçivəsində 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər edib. Görüş zamanı imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev qeyd edib ki, biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik.
Prezident İlham Əliyev eyni zamanda bu günlərdə keçirilən və bir neçə gün, təxminən, bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinə də diqqət çəkib. O bildirib ki, bu ikitərəfli münasibətlərdə çox mühüm hadisədir və bu günlər tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan xalqına böyük sevinc bəxş edir. Həqiqətən də, dövlətlər arasında belə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və ya digər əlaqələrlə xalqlar bir-birinə daha da yaxınlaşır. Bu həm xalqların bir-birinin mədəniyyətlərini tanıması baxımdan, həm də xalqların yaxınlaşması baxımdan mühüm addımdır.
Bu görüşdə, həmçinin, geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regiondakı şərait də müzakirə edilib. Mövcud şəraitlə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələlər ətraflı nəzərdən keçirilib. Bütün bunlarla əlaqədər bir sıra vacib sənədlər də imzalanıb. Bunlara misal olaraq “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və s qeyd edilə bilər.
Prezident İlham Əliyev həmçinin dövlət başçılarının şəxsi təmaslarına da diqqət çəkib: “Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir”.
Sonda Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Şaripoviçə dəvəti qəbul edib ölkəmizə rəsmi səfər etdiyinə görə təşəkkürünü bildirib. Bu gün Azərbaycan və Tacikistan müstəqil siyasət aparan iki ölkədir. Hər iki ölkə arasında münasibətlər suverenlik və qarşılıqlı hörmət əsasında qurulmuşdur və irəlidə bu münasibətlərin daha da dərinləşəcəyinə heç bir şübhə yoxdur.