4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Qələbənin və Dirçəlişin Rəmzi

Svetlana Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini
4 oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın yaddaşında həm zəfərin, həm azadlığın, həm də quruculuğun təntənəsi kimi daim yaşayacaqdır. 1993-cü ildə işğala məruz qalan Cəbrayıl 27 ildən sonra – 2020-ci il 4 oktyabrda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində düşməndən azad edildi. Bu tarixi gün xalqımızın qürur mənbəyinə çevrildi, şəhidlərimizin qanı bahasına qazanılan Zəfərin rəmzi oldu.
İşğaldan azad edilən Cəbrayılda qısa müddətdə geniş quruculuq işləri həyata keçirilməyə başlandı. Prezident İlham Əliyevin dəfələrlə rayona səfərləri zamanı yeni məktəblərin, xəstəxanaların, yolların, elektrik stansiyalarının, sosial obyektlərin və sənaye parklarının təməlləri qoyuldu. Xudafərin və Qız Qalası hidroqovşaqlarının açılışı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, yeni yaşayış komplekslərinin inşası Cəbrayılın strateji əhəmiyyətini daha da artırdı.
Azad olunan kəndlər – Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı və digər yaşayış məntəqələri yenidən qurulur. İlk köç karvanlarının doğma yurda qayıdışı isə xalqımızın böyük qələbəsinin ən sevincli nəticəsidir. Artıq Cəbrayıl yalnız azadlıq simvolu deyil, həm də inkişaf və dirçəlişin nümunəsinə çevrilməkdədir.
4 oktyabr – Cəbrayıl şəhəri günü hər il xalqımız tərəfindən böyük ehtiramla qeyd ediləcək, tarixi qələbəmizin, şəhidlərimizin əziz xatirəsinin və xalqımızın sarsılmaz iradəsinin təcəssümü olaraq daim yaşayacaqdır.
: