Azərbaycan və Çin arasında ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan və Çin arasında ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əməkdaşlıq son illərdə yeni dinamika qazanaraq yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyətli siyasi və iqtisadi nəticələr doğurmaqdadır. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından uzun müddət keçir. Bu müddət ərzində əlaqələr qarşılıqlı etimad əsasında çoxtərəfli formatda inkişaf edib. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əməkdaşlıq hər iki ölkənin ortaq maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycan - Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür.
Münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli imkanlar yaradır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının aparıcı informasiya agentliyi olan Sinxua ilə müsahibəsində bu münasibətlərin tarixi, dinamikası və perspektivləri aydın şəkildə öz əksini tapıb. Cənab Prezident qeyd edib ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb: “İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir”.
“Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın iştirakı, Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında etibarlı tranzit platformasına çevrilməsi ilə daha da möhkəmlənir. Son illərdə Azərbaycanla Çin arasında investisiyaların intensiv dəstəklənməsi müşahidə edilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Bütün bunlar ikitərəfli əməkdaşlığın uğurlu nəticələrini və müsbət tendensiyaları ifadə edir.
Cənab İlham Əliyevin müsahibəsində Çinlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə səsləndirdiyi fikirlər, iki strateji tərəfdaşın münasibətlərinin uğurlu inkişafına əsaslanır və bu tərəfdaşlığın parlaq perspektivlərindən xəbər verir.