Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədir

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədir
Əliqismət Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşamışlar. Bu münasibətlər bu gün də siyasi, iqtisadi  və mədəni sahələrdə uğurla davam edir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın  yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Baş nazir İrakli Kobaxidzenin səfəri Azərbaycan-Gürcüstan əlaqələrinin daha da möhkəmləndirilməsinə xüsusi töhfə verir.

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır və həyata keçirilən birgə layihələr regionun inkişafına xidmət edir. Orta Dəhliz layihəsi hər iki ölkənin maraqlarına tam uyğundur və regionun tranzit potensialının artırılmasına töhfə verir. Enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına yeni imkanlar açır.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq dövlət başçılarının, hökumət başçılarının və xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ilə daha da  möhkəmlənir. Bu görüşlər qarşılıqlı maraqlara xidmət edir və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Parlamentlərarası əlaqələr və möhkəm müqavilə-hüquq bazası iki ölkə arasındakı əməkdaşlığın hüquqi əsaslarını təşkil edir və uzunmüddətli tərəfdaşlığın 
sabitliyini təmin edir.

Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz Gürcüstanla əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş və bu əlaqələrin gələcək inkişafı üçün mühüm addımlar atılmaqdadır.