Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur

Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur
Könül Namazova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu,118 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin 23 sentyabr tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi 2013-cü ildən fəaliyyət göstərir.
Azərbaycan və Vyetnam xalqları arasında əlaqələrin qurulmasında və inkişafında Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Bu münasibətlərin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qoyulub. Həmçinin, 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Vyetnama etdiyi səfər tərəflər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.. Bu əlamətdar görüşlər, ölkələrimiz arasında əməkdaşlığın təməlini təşkil etmişdir.Heydər Əliyevin dəstəyi ilə 5 mindən çox vyetnamlı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almış, onların bir qismi Heydər Əliyevin özünün əlindən diplom almışdır. Bu onun Azərbaycanda vyetnamlı tələbələrə şəxsi dəstəyinin bariz nümunəsidir.Həmçinin minlərlə azərbaycanlı mütəxəssis Vyetnama göndərilmişdir ki, müharibə nəticəsində dağılmış ölkənin infrastrukturunun və neft sənayesinin bərpasına kömək etsin.
Dövlət başçımız cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Həmin səfər çərçivəsində müxtəlif sahələri təmsil edən işgüzar dairələrin iştirakı ilə keçirilən Birinci Azərbaycan–Vyetnam biznes forumu tərəfdaşlıq üçün geniş imkanlar yaratdı. Diplomatik münasibətlərin qurulmasından sonra tərəflər arasında müxtəlif səviyyələrdə mütəmadi olaraq səfər mübadiləsi həyata keçirilmişdir.
2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama etdiyi səfər iqtisadi əməkdaşlıq və ticarət sahəsində yeni bir dövrün başlanğıcı oldu. Bu səfər çərçivəsində Azərbaycanın enerji resurslarının Vyetnam bazarına ixracı ilə bağlı mühüm addımlar atıldı. Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcısıdır. Təkcə 2024-cü ildə Azərbaycan 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton xam neft və neft məhsulları ixrac edib, Vyetnam neft alışına görə neft alan ölkələr arasında 21-ci yerdədir. On ildən artıqdır ki, SOCAR və Vyetnamın ən böyük enerji şirkətləri “PetroVietnam” və “Vietsovpetro” neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əməkdaşlığı inkişaf etdirirlər. Müsahibə zamanı Prezident İlham Əliyev vurğuladı ki, “neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.
İkitərəfli əməkdaşlıqda iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni əlaqələr də getdikcə daha mühüm rol oynayır. Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsinə yardım edən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. "Coğrafi uzaqlığa baxmayaraq, Vyetnam və Azərbaycan xalqları həmişə bir-birinə xüsusi hisslər bəsləyib, çoxsaylı tarixi sınaqları və zamanın çağırışlarını birlikdə dəf ediblər. Bunun sayəsində iki xalq arasında xüsusi ənənəvi dostluq əlaqələri formalaşıb", – Vyetnam qəzeti qeyd edir.
Sonda əminliklə demək olar ki, ölkə Prezidenti cənab İlham Əliyevlə Baş katib To Lamın siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcəkdir.