Azərbaycan Türkiyə arasında hərbi əməkdaşlıq daha da güclənir

Azərbaycan Türkiyə arasında hərbi əməkdaşlıq daha da güclənir

Züleyxa Səmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

Ötən illər ərzində ordu quruculuğu istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycan Ordusu nəinki regionda, hətta dünyada ən güclü ordu sırasındadır. Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitəsiləri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanılması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün olmuşdur. Prezident İlham Əliyevin 19 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış, bu göstəricilərə görə ölkəmiz dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdə qərarlaşmışdır.         

Azərbaycanın gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələləri üçün nəzərdə tutulan xərclər barədə müvafiq məlumat Maliyyə Nazirliyinin 2022 -ci il üçün icmal büdcəsinin proqnozunda öz əksini tapıb. Qeyd edilib ki, 2022 -ci il üçün icmal büdcənin proqnozuna əsasən bu il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238.9 min manat olacaq . Bu, yenə də Azərbaycanın müdafiə və təhlükəsizlik istiqamətində böyük həcmdə vəsait sərf ediləcəyinin göstəricisidir. Azərbaycan 2020- ci ildə də müdafiə və təhlükəsizlik istiqamətində bu qədər vəsait sərf etmişdir. Amma nəzərə alınmalıdır ki, 2020- ci ilin ikinci yarısında Qarabağ müharibəsi yaşanıb. Bu il müharibə yoxdur. Amma hərbi xərclər yenə yüksəkdir. Bunun əsas səbəbi Azərbaycan Ordusunun yenə maddi-texniki və digər təminatının yüksək səviyyədə olmasını təmin etməkdir.

Ümumiyyətlə, Azərbaycan gələn il ordusu üçün çox saylı hərbi texnikanın alışını həyata keçirməyi düşünür. Maliyyə nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozundan da bunu görmək olar. Bu proqnozda qeyd edilir ki, növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizə və müdafiəsinin  təşkili, ərazilərinin minalardan təmizlənməsi, təhlükəsizliyinin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbiçilərin sosial- məişət və xidmət şəraitinin yaxşılaşdırılması, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək. Dövlət büdcəsindən ayrılan vəsait hesabına bu il daha çox İsrail, Türkiyə və Rusiyadan silah idxal edilməsi gözlənilir.    Qeyd edək ki, İsrail artıq Azərbaycana silah satışı yarışında Rusiyanı qabaqlayıb və son 5 ildə əsas silah təchizatçımızdır. Bu satışların həcmi 740 milyon dollar olub. Bu, 44 günlük müharibədə öz təsdiqini tapdı.                     

Azərbaycan Türkiyə arasında hərbi əməkdaşlıq isə iki ölkə arasında 2010- cu ilin avqustunda imzalanan müqavilə ilə tənzimlənir. Sənəd " Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" sazişdən gedir. Saziş Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhvə vermək məqsədi daşıyır. Bu fonda Azərbaycan Türkiyədən ən müxtəlif növ silahların idxalını həyata keçirir. Bu il də "Bayraktar TB2" pilotsuz zərbə aparatlarının idxalı davam edəcək. Bundan başqa, Türkiyədə  istehsal olunan digər ən müasir silah növlərinin Azərbaycana götürülməsi üçün razılaşma əldə edilib. Türkiyə 2021-ci ildən etibarən daha yüksək taktiki-texniki göstəricilərə və döyüş qabiliyyətinə malik olan"Aksungur" və "Akıncı" pilotsuz kəşfiyyat-döyüş təyyarələtinin seriya istehsalına başladığını elan edib.Həmin silahların bu il Azərbaycana idxalı istisna olunmur.   Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında 63-cü yeri tutur. Ermənistan 97-ci , Gürcüstan 88-ci yerdə qərarlaşıb. Siyahıda 13- cü pillədə Türkiyədir.